Unudulmaz müğənni musiqi axşamında yad edilib

 

 

İyunun 9-da R.Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri görkəmli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış ediblər. Konsert görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun xatirəsinə həsr edilib.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından söz açılıb. Qeyd edilib ki, milli musiqimizin incilərinin, eləcə də Azərbaycan bəstəkarlarının yazdığı bir çox mahnıların ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası ilə mümkün olub. Səid Rüstəmov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.

Bildirilib ki, Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi lent yazılarından əlavə, bir də yaratdığı Mahnı Teatrı var. Onun çoxcəhətli fəaliyyəti musiqi mədəniyyətimizin zəngin bir mərhələsini təşkil edir.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, o cümədən Rəşid Behbudovun repertuarından mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 13 iyun.- S.9.