Gözəl xətt gözləri oxşayır...

 

Azərbaycan xəttatlıq sənətinin köklü ənənələri var

 

Orta əsrlərdə Azərbaycanda yüksək savad dərəcəsinin bir göstəricisi də xəttatlıq sənəti hesab olunub. Buna görə də o dövrdə xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi. XV əsrin görkəmli Azərbaycan dilçisi Məhəmməd Naxçıvani yazır: “Uşaqları ilk növbədə yazıya və səyahət etməyə öyrətmək lazımdır”. Ərəb alimləri isə yazını elmin yarısı kimi qiymətləndiriblər.

 

Mənbələrdə göstərilir ki, xəttatlıq islam tarixinin ilkin mərhələsində yaranıb. İslam dinində insanın surətini çəkmək qadağan olduğu üçün yazı sənətinə daha çox maraq göstərilib. Quranı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarıb və müsəlman xalqlarının mədəniyyətində vacib sahələrdən birinə çevrilib. Din xadimləri bu əlifba ilə yaranan yazı sənətinə hər cür dəstək veriblər. Xəttatların bir neçə nəslinin uzun axtarışlarının nəticəsində ərəb əlifbasının altı (süls, nəsx, mühəqqəq, reyhani, touqi və rəqa) əsas xətt növü yaradılıb.

 

Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, saray binaları, məscidləri, saxsıdan, metaldan, ağacdanparçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyib.

 

Azərbaycanda xəttatlıq sənəti Şah Zərrinqələm Təbrizinin işlərindən başlanıb. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biridir. Onlar xəttatlıq tarixinə “altı usta” adı ilə daxil olublar. Araşdırmalarda qeyd edilir ki, həmin “altılığ”a daha bir azərbaycanlı usta - Şeyx Əhməd Sührəvərdi də daxildir. Şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilib. O həm də bu xətlərlə yazan xeyli ardıcıl yetişdirib.

 

Azərbaycanda daha məşhur xəttatlardan biriMir Əli ibn İlyas Təbrizi (1330-1405) olub. O, Şərqin ən görkəmli xəttatlarından biri sayılıb. Xəttatlıq tarixinə dair risalə müəllifləri onu nəstəliq xəttinin yaradıcısı hesab ediblər. Bu xətt növü çox tezliklə klassik altılığı sıxışdırır və Şərqdə geniş yayılır. Orta əsr müəlliflərindən biri yazır: “Xacə Mir Əlinin qələminin qamışı ona görə bu qədər şirindir ki, təmiz Təbriz torpağından qalxıb cücərmişdir”.

 

Əmir Teymur  zamanında Mir Əli artıq nəstəliq xəttinin ən görkəmli ustası kimi şöhrət tapıb. Onun qələmindən çıxmış əlyazmalar London, Tehran, Sankt-Peterburq muzeylərini bəzəyir. Mir Əlinin yeni xətti mənimsəyən ilk şagirdi oğlu Mir Abdulla olub. O da bir usta xəttat kimi çox ölkələrdə ad çıxarır və “Şəkəri-qələm” təxəllüsü ilə tanınır. XV əsrin görkəmli Azərbaycan xəttatı Cəfər Təbrizi də Mir Abdullanın şagirdlərindəndir. C.Təbrizi nəstəliq xəttinin inkişafı üçün çox böyük işlər görübbu xəttin ikinci ustadı sayılır. O, bir müddət digər Azərbaycan rəssamları ilə birlikdə Heratda, Teymuri hökmdarı Şahruxun oğlu Baysunqur Mirzənin yanında saray xəttatlarına başçılıq edib.

 

XVI əsrin əvvəllərində yaşamış görkəmli xəttat Suban Əli Məşhədi bu sənət barədə yazır: “Xətt (yazı) ona görə mövcuddur ki, onu oxusunlaronun üçün deyil ki, onu oxuyanda çətinlik çəksinlər... Xəttin gözəlliyi gözləri oxşayır, pis olduqda isə gözləri yandırır”.

 

İslam ölkələrində xüsusi xətlə dini ifadələrin yazılması və təbliği ənənəsi bu gün də yaşadılır.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 13 iyun.- S.13.