Rəşid Behbudovun vəfatının ildönümündə xatirəsi anılıb

 

 

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) vəfatının ildönümündə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Anım mərasimində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.

Müğənninin qızı Rəşidə Behbudova atasının sənət yolundan söz açıb, illər ötsə də, musiqi aləmində onun səsinə, nəfəsinə ehtiyac duyulduğunu söyləyib: “Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilmlent yazıları, ifa etdiyi mahnılar, yaratdığı obrazlar onun mənalı ömür yolunun parlaq səhifələrindəndir. Bənzərsiz səsi, yüksək vokal istedadı və böyük sənətkarlığı ilə Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin görkəmli simalarındandır. Onun çoxcəhətli fəaliyyəti incəsənətimizin zəngin mərhələsini təşkil edir. Əsasını qoyduğu Mahnı Teatrı unudulmaz sənətkarın adını yaşadır”.

Teatrın solisti, Xalq artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından olması ilə fəxr etdiyini deyib: “Repertuarımda həmişə bu böyük sənətkarın ifa etdiyi mahnıları yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları onun mahnılarını rəğbətlə qarşılayırlar”.

 

Sənətkarın ailə üzvləri ziyarətə gələn hər kəsə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2018.- 13 iyun.- S.14.