Milli Qurtuluş Günü münasibətilə konsert və sərgilər

 

    Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib.

    Nəzəriyyə və orkestr şöbəsinin müəllimi Reqina Məcidova tədbiri açaraq bu tarixi günün əhəmiyyətindən bəhs edib. Sonra söz musiqiyə verilib. Proqramda məktəbin Orkestr alətləri şöbəsinin müxtəlif sinif şagirdləri Qara Qarayevin əsərlərini ifa ediblər.

 

    * * *

 

    Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon nümayəndəliyinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş sərgi açılıb.

    Sərgidə Siyəzən rayon Uşaq incəsənət məktəbinin müəllimi Elman Məmmədovun, rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin müəllimi Ləman Tağıyevanın, dekorativ sənətə və rəssamlığa həvəsi olan gənc Ayşən Novruzovanın əl işləri nümayiş etdirilib.

 

    * * *

 

    İyunun 14-də Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə sərgi təşkil olunub.

    Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, AMEA-nın Fəlsəfə İnstitutu Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri professor Sakit Hüseynov çıxış edərək ulu öndər    Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışının Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna yerindən söz açıblar.

    Kitab sərgisində böyük siyasətçinin fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və digər dillərdə 200-ə yaxın ədəbiyyat nümayiş olunub.

 

 

    Mədəniyyət.- 2018.- 15 iyun.- S.2.