Milli İncəsənət Muzeyində Toğrul Nərimanbəyov yad olundu

 

     İyunun 14-də Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə təsviri sənətimizin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun (1930-2013) anım günü keçirildi.

     Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq qeyd etdi ki, sənət işığına toplaşdığımız dünya şöhrətli rəssam Toğrul    Nərimanbəyov təsviri sənətimizin inkişafı və dünyada tanınmasında böyük xidmətlər göstərib. Görkəmli sənətkar mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr verib. Onun əsərləri müxtəlif muzeykolleksiyalarda nümayiş etdirilərək gənc rəssamlar nəslinin formalaşmasına müsbət təsir göstərməkdədir.

     Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək Toğrul Nərimanbəyovun əsərlərinin özünəməxsusluğundan danışdı. Qeyd etdi ki, görkəmli sənətkarın əsərlərində millilik canlı və ruhludur. Onun yaradıcılığında milliliklə bəşəriliyin vəhdəti öz əksini tapıb. Bənzərsiz  tablolarında gah İçərişəhərin qədim, darsirli küçələrini, gah    Xəzərin dalğalarını, gah da Parisin, Lüksemburqun, digər ölkə və şəhərlərin mənzərəsini görürük. Buna görə də rəssamın əsərləri bütün dünyanı gəzib-dolaşır.

     Daha sonra Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək  sənətkarın yaradıcılığından bəhs etdilər. Bildirdilər ki,    T.Nərmanbəyovun sənət axtarışı formaları Azərbaycan və dünya rəssamlığının ən yaxşı ənənələrinə söykənir. “Göyçay bağlarında”, “Bahar yarmarkası”, “Narlararmudlar”, “Çiçəklər”, “Köhnə çinar”, “Qız qalası” kimi heyranedici natürmortpeyzajlarda təbiət ətri duyulur. O həm də bir çox teatr tamaşalarının səhnə tərtibatçısı kimi tanınıb. Kuba,    Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa, İtaliya, Moskva  ABŞ-da dəfələrlə fərdi sərgiləri keçirilib.

     Anım tədbirində çıxışlardan sonra musiqi nömrələri təqdim edildi.

 

 

     Savalan FƏRƏCOV

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.3.