İslam mədəniyyətinin paytaxtı”nda elmi forum təşkil olunub

 

     AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda elmi forum keçirilib.

     “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirləri çərçivəsində gerçəkləşən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, multikulturalizmin, tolerantlığın mövcud olduğu ölkəmizdə bu gün təkcə İslam dəyərləri təbliğ olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” olması milli və mənəvi dəyərlərimizin təbliği baxımından yeni imkanlar açır.

     Muxtar respublikanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayevİslam dininin milli-mənəvi dəyərlərimizdən olan bayramlarımıza verdiyi dəyər” mövzusunda çıxış edib. Vurğulanıb ki, İslam düşüncəsinə görə bayram, hər şeydən əvvəl, sosial mahiyyəti olan bir məfhumdur. Bayram insanlar arasında mehribanlıq və sevgi yaradan, qohumlar arasındakı bağlılığı təmin edən, küsülüləri barışdıran, könülləri sevindirən, kimsəsizlərə ümid verən sosial hadisədir.

   Qurban bayramının əhəmiyyəti” mövzusunda çıxış edən AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli bildirib ki, İslamın qəbulu ilə məişətimizə daxil olan və sadəcə, qurbanlar kəsilib paylamaqdan ibarət olmayıb xeyirxahlıq, nəciblik, humanist xarakter daşımaqla sosial əhəmiyyət kəsb edən bu bayram əhali tərəfindən bütün dövrlərdə qeyd olunub.

    Forumdaİslam həmrəyliyinin dini bayramlarımızda təzahürü” və başqa mövzularda da məruzələr dinlənilib, iştirakçıların sualları cavablandırılıb.

 

 

    Mədəniyyət.- 2018.- 15 iyun.- S.11.