Qələm var aləmə bərabər...

 

       Çingiz Aytmatov (1928-2008) qırğız xalqının XX yüzillikdə dünya mədəniyyətinə bəxş etdiyi dahi yazıçı, qüdrətli söz ustadıdır. Böyük sənətkarın adı Heminquey, Markes, Folkner və başqaları kimi dünyada əsərləri ən çox oxunan yazıçıların sırasında çəkilir. Aytmatovu müasiri olduğu yazıçılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri isə onun sadə insanların gözü ilə dünyəvi problemləri duymaq, onlara həqiqi qiymət vermək və müəyyən mənada, insanları narahat edən suallara cavab axtarmaq bacarığıdır. Onun əsərlərində bəzən ən adi məsələ, günəş damlada əks olunan kimi, bəşəri məsələ kimi götürülür.

     Yazıçı eyni zamanda Orta Asiya türk dövlətlərinin, xüsusilə də ata yurdu Qırğızıstanın qapalı sovet dönəmində otuz ildən artıq azad dünyaya açılan pəncərəsi olub. O, milli-mənəvi özünüdərki qırğız xalqının böyük amalı səviyyəsində təqdim edib. Aytmatovun milli mövqeni, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə yanaşı, həm də əsərləri vasitəsilə nəşr etdirərək dünyada yaya bilməsi sosializm dövrünün möcüzələrindən biri idi. O, sosializm cəmiyyətində yaşayaraq sovet gerçəkliyinin sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərib.

     Bəşəriyyətin problemləri – qloballaşma, tərəqqi və tənəzzül məsələləri güclü təfəkkürə malik ədibin yaradıcılığından qızıl xətt kimi keçir. Türk xalqları ədəbiyyatında professional nəsrin təşəkkülündə Aytmatovun yaradıcılığı ayrıca bir mərhələ təşkil edir.

      Aytmatovun ilk böyük yaradıcılıq uğuru onu istedadlı sənətkar kimi tanıtdıran otuz yaşında qələmə aldığı “Cəmilə” povestidir. 1958-ci ildə çap olunan bu əsər insan qəlbindəki saf, ülvi hislərin qadir gücündən bəhs edən əsl məhəbbət haqqında dastandır. Əsərdə Daniyar obrazı diqqəti cəlb edir. Müharibədə ağır yaralanaraq şikəst olmuş, arxa cəbhəyə göndərilmiş bu gənc həssas qəlbli, zəhmətin qədrini bilən bir insandır. Dəmir yolu stansiyasında şikəst Daniyarın ağır taxıl kisələrini min bir əzabla daşıması onu bir insan kimi oxucunun, həmçinin Cəmilənin gözündə ucaldır. Əsəri oxuyanda müəllifin məşhur bir kəlamı yada düşür: “İnsan dünyaya yalnız at kimi işləmək üçün deyil, həm də insan kimi yaşamaq üçün gəlmişdir”. Əsər çap olunandan bir il sonra görkəmli fransız yazıçısı Lui Araqon tərəfindən tərcümə edilir. Bu dövrdə povest Azərbaycan dilinə də tərcümə olunaraq nəşr edilib.

     Sonradan nasirin “Qırmızı yaylıqlı qovağım mənim” (1961), “İlk müəllim” (1962), “Köşək gözü” (1963), “Ana tarla” (1963), “Əlvida, Gülsarı” (1967) əsərləri də işıq üzü gördü. Bu əsərlərin bəzilərində müharibənin izləri aydın görünür, onun insan taleyinə təsiri duyulur. Ədibin sonrakı illərdə çap etdirdiyi “Ağ gəmi”, “Erkən durnalar”, “Dəniz kənarı ilə qaçan Alabaş” əsərləri 60-cı illər axtarışlarının yeni nümunələri idi. Bu əsərlər göstərdi ki, Aytmatov təmiz, şəffaf qəlbin dərinliklərindən gələn hisləri ifadə edən məsələlərə toxunur.

 

     “Xalqım mənim yaradıcılıq sığınacağımdır”

 

      Yazıçının əsərlərindəki türk ruhu çox aydın hiss olunur. Onun əsərləri öz xalqının saflığını, paklığını qoruyan, milli dəyərlərini, mentalitetini özündə əks etdirən surətlər qalereyasıdır. Pafosdan uzaq olan bu əsərlər həyatın, gerçəkliyin, həqiqətin özü kimi təsir bağışlayır. Ədibin yaradıcılığında Qırğızıstanın təbiəti, qırğız xalqının dünəni və bugünkü həyatı olduğu kimi əks olunub. Müəllif yaradıcılığının qaynaqlarından bəhs edərkən deyir: “Mən həyatım boyu çox adamlarla rastlaşmışam, onlarla söhbət etmişəm. Ona görə də öz əsərlərimdə mən tanıdığım, xatırladığım belə adamlara istinad edirəm. Onlar mənim hafizəmdə həmişəlik yüksək mənəvi prinsiplər və əlahiddə xarakterə malik adamlar kimi qalmışdır. Böyük qırğız xalqı mənə yaradıcılıq sığınacağı kimi xidmət edir. Bir çox ideyalar, xarakterlər, surətlər həmin adamların həyatından alınmışdır”.

Aytmatovun zəngin və bəşəri yaradıcılığı türkdilli xalqların ortaq mədəni dəyərləri və qədim söz yaradıcılığı xəzinəsi üzərində ucalan sənət zirvəsi, dünya ədəbiyyatına ulu türk sözünün qiymətli töhfəsidir. Bəli, yazıçı təkcə qırğız ədəbiyyatını zirvələrə qaldırmayıb, həm də türkdilli ədəbiyyatı qiymətli əsərləri ilə şərəfləndirib. Onun əsərlərində və baxışlarında milliliklə bəşərilik vəhdət halında, dahiyanə harmoniyadadır.

     Yazıçının ədəbi irsindəki millilik amili, ümumtürk ruhundan, qırğız etnik düşüncəsindən doğan və qlobal dünyanın hadisəsi səviyyəsində ümumiləşdirilən yüksək və dərin insani keyfiyyətlər şəklində təzahür edir. Beləliklə, onun yaradıcılığında ayrılıqda götürülmüş bir obrazın və ya xalqın timsalında bütövlükdə bəşər övladı üçün əhəmiyyətli olan problemlərin ümumiləşdirilməsi kimi məsuliyyətli və şərəfli vəzifə özünün orijinal bədii həllini tapır.

     Onun ümumdünya tarazlığı modelinin daha bir özünəməxsusluğu da dahi sənətkarın dünyadakı problemləri qan tökmək, müharibələrə təkan vermək yolu ilə deyil, mədəniyyəti, ədəbiyyatı ön mövqeyə çəkmək üsulu ilə həll etməyə hesablanmış dahiyanə çağırışları idi. Bu mənada ədibin “Müharibənin yerinə mütləq mədəniyyət gəlməlidir” - çağırışı bu gün dünənkindən də aktual səslənir. Millilik və bəşəriliyin Aytmatov modeli insanlığa ədalət, sülh, birlik vəd edir. Onun yüksək və təkrarsız istedadının məhsulu olan bədii əsərləri qitələri, ölkələri, xalqları yaxınlaşdıran və doğmalaşdıran böyük sənət körpüləridir.

     Müəllifin “Əsrə bərabər gün” romanı ideyası və bədii-sənətkarlıq xüsusiyyətləri etibarilə XX əsrin ən möhtəşəm epopeyasıdır. Asiya gerçəkliyi haqqındakı böyük ədəbiyyata örnək olan, milli və bəşəri mövqenin sintezi əsasında yazılmış əsərləri ilə Aytmatov geniş mənada Avropanı və ümumiyyətlə, dünyanı təəccübləndirməyi və düşündürməyi bacarıb.

Müəllifin yaradıcılığını yüksək qiymətləndirən ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli qeyd edir ki, janrından asılı olmayaraq yazıçının bütün əsərlərində roman ağırlığı var. Aytmatov dünyanı roman miqyasında qavrayan və ifadə edən qüdrətli yazıçıdır. Planetimizdə yeni dünya təfəkkürünün formalaşmasında mühüm rolu olan Aytmatovun ölməz əsərləri və idealları həmişə müasir cəmiyyətin və insanlığın yollarına gur işıq salır...

 

     İnsan yalnız sevəndə qəhrəman olur...”

 

     Yazıçı zamaninsan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Əsərlərində bəşəri problemləri qırğız həyatından və qırğız təbiətindən keçərək ümumiləşir. Onun qəhrəmanları həyatın sınağından hünərlə, alnıaçıq çıxır.

Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” - insan mövzusu var. O, insan haqqında deyir: “Doğru nədir, nədir yalan? Doğru insanlara sevgidir, bu planetdə doğulanların hamısına xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olur...” O öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub.

     Türk xalqlarının hər biri Aytmatovu öz xalqının doğma yazıçısı olaraq qəbul edir. Onun həyat və yaradıcılığının elmi şəkildə tədqiqi sahəsində ölkəmizdə müəyyən addımlar atılıb, yaradıcılığı yüksək qiymətləndirilib. Böyük ədibin 80 illiyi ilə əlaqədar ölkəmizə səfəri təşkil olunmuşdu. Səfər çərçivəsində Prezident İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək yazıçının yaradıcılığını yüksək qiymətləndirmişdi. Dövlət başçısının sərəncamı ilə o, “Dostluq” ordeni ilə təltif edilmişdi.

Onu da qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2018-ci ili “Çingiz Aytmatov ili” elan edib. Bu münasibətlə türkdilli ölkələrdə müxtəlif tədbirlər keçirilir. Çingiz Aytmatovun böyük idealları və ölməz əsərləri yeni dünyanın inkişafına, ölkələr və xalqlar arasında bağların daha da möhkəmləndirilməsinə xidmət edir.

 

 

     Ruhiyyə MƏMMƏDLİ

     Respublika Uşaq Kitabxanası

     Elmi metodika şöbəsinin müdiri

 

     Mədəniyyət.- 2018.- 15 iyun.- S.13.