Qazax ədəbi-ictimai fikrinin görkəmli
nümayəndəsi
Ötən əsrin birinci
yarısında qazax ədəbiyyatı, mədəniyyəti
və ictimai fikrinin inkişafında əvəzsiz xidmətləri
ilə seçilən görkəmli sənətkarlardan biri də
yazıçı, dramaturq, akademik Muxtar Auezov olub.
Muxtar Omarxan oğlu Auezov 28 iyul 1897-ci il
də dünyaya göz açıb. Semipalatinsk şəhər
beşsinifli məktəbində orta məktəbi bitirir. Məktəbli ikən ədəbi
yaradıcılığa maraq göstərən Muxtar “Tufana
doğru” adlı ilk hekayəsini qələmə alır.
1915-ci ildə Semipalatinsk (indiki Semey şəhəri) Müəllimlər
Seminariyasına qəbul olunur. 1917-ci ildə dastan motivləri əsasında
“Yenlik-Kebek” faciəsini yazır. Bu dövrdə Rusiyada
baş verən inqilabi çevriliş onun
baxışlarına təsir edir. O, “Alaş gəncləri” təşkilatını
qurur, müxtəlif dərnəklərin yaranmasına dəstək
olur. Milli demokratik cəmiyyət yaratmaq ideyasına söykənən
“Abay” elmi-ictimai jurnalını nəşr etdirir.
Sonra quberniya İnqilab Komitəsində
işə düzəlir, vəzifədə irəli çəkilir,
Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası (MSSR) Mərkəzi
İcraiyyə Komitəsində katib işləyir. 1921-ci ildə
“Qızıl Qazaxıstan” jurnalında “Müdafiəsizin
taleyi” hekayəsini nəşr etdirir. Qazax teatrında onun “Bəybişə-tokal” və “El ağası” pyesləri
tamaşaya hazırlanır. Sənətkar 1921-1922-ci illərdə
qazax ziyalılarının müdafiəsinə qalxır.
Moskvanın repressiya siyasətini və iqtisadi təzyiqlərini
tənqid edir. 7 mart 1922-ci ildə Qazaxıstan Mərkəzi
İcraiyyə Komitəsinin üzvü Smaqul Saduakasovla birlikdə
bolşevizmə qarşı kəskin mövqe nümayiş
etdirir.
Daşkənd Orta Asiya Dövlət
Universitetinə dinləyici kimi daxil olan M.Auezov bu müddətdə
“Şolpan” və “Sana” jurnalları ilə əməkdaşlıq
edir. Aktiv
millətçilik fəaliyyətinə görə 1923-cü
ildə Kommunist Partiyası sıralarından kənarlaşdırılır.
Həmin il indiki Sankt-Peterburq
Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul
olunur. Semipalatinsk Müəllimlər Texnikumunda
işə düzəlir. “Dan” adlı
jurnalın nəşrinə müvəffəq olur, jurnalda
“Yasa bürünmüş gözəl” və
“Zorakılıq” adlı hekayələri işıq
üzü görür.
1926-cı ildə Semipalatinsk vilayəti ərazilərində
qazax folklor irsinin öyrənilməsi və toplanılması
üzrə elmi ekspedisiya təşkil edir. Bu arada “Qaragöz” pyesini
yazır. 1927-ci ildə “Ədəbiyyat
tarixi” monoqrafiyasını nəşr etdirir. “Qəddar illər” povestini qələmə alır.
Bir il sonra Orta Asiya Dövlət
Universitetinin aspiranturasına daxil olur. Sonra
qırğız səhrasına səfərlər edir və
“Manas” dastanını öyrənməyə başlayır.
Professor Nizami Tağısoy
araşdırmasında yazır ki, M.Auezov siyasi
baxışlarına görə 1930-cu ildə həbs edilir. İki il çəkən
istintaqdan sonra üç il müddətinə şərti
olaraq azadlıqdan məhrum edilir. “Qaragöz”, “Yenlik-Kebek”, “Xan
Kene”, “Qəddar illər” kimi bədii və qazax ədəbiyyatı
tarixi üzrə yazdığı bir sıra tədqiqat əsərlərindən
imtina etməyə məcbur edilir.
Yazıçı 1936-cı ildə
Moskvada keçirilən Qazax ədəbiyyatı və incəsənəti
dekadasına qatılır. Bu dövrdə fəal şəkildə
bədii yaradıcılıqla məşğul olur. Bir neçə nəsr və dram əsəri
yazır. 1940-cı ildə “Reyhan” filmini
çəkir. 1941-ci ildə “Abay” romanını tamamlayır və
əsər birinci dərəcəli Stalin mükafatına
layiq görülür. Müəllif Böyük Vətən
müharibəsi illərində A.Abişevlə birlikdə
“Sın saqat” və “Namıs
qvardiası” pyeslərini qələmə alır. 1944-cü ildə “Abay” operasının librettosunu,
1945-ci ildə isə “Kınaptan kılış” filminin
ssenarisini yazır.
1948-ci ildə Qazaxıstan Elmlər
Akademiyasının akademiki seçilən yazıçı
1951-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif
olunur. Elə həmin ildən onun yaradıcılığına
qarşı hücumlar başlayır, millətçilikdə
ittiham olunur. Görkəmli rus
yazıçıları A.Fadeyev, N.Tixonov və
başqaları onun müdafiəsinə qalxırlar. 1954-cü ildə yazıçı “Abay yolu”
roman-epopeyasını bitirir.
Görkəmli yazıçı, tədqiqatçı
Muxtar Auezov 27 iyun 1961-ci ildə Moskvada vəfat edib. 1997-ci ildə UNESCO-nun qərarı
ilə bütün dünyada ədibin 100 illiyi geniş qeyd
olunub.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 22 iyun.- S.15.