Mübarizə ruhlu Müharibəli Novruz

Əgər çoxəsrlik incəsənət tarixinə nəzər salsaq, görərik ki, ayrı-ayrı dövrlərdə incəsənətin yeni və təravətli qalmasını şərtləndirən yeganə səbəb yaradıcıların ənənəvi mövzulara zaman-zaman fərqli özünəməxsus münasibət göstərmələridir. Müstəqillik illərində rastlaşdığım bir rəngkarlıq tablosu bunun həqiqət olduğunu bir daha təsdiqləyir...

2010-cu ildə mənə Səməd Vurğun təsviri sənətdə kitabında yer alacaq təsviri və tətbiqi sənət əsərləri barədə fikirlərimi yazmaq təklif olunmuşdu. Çoxsaylı rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələrini təhlil edərkən rastıma çıxan bir tablonun fotosu məni, sözün əsl mənasında, heyrətə gətirdi. Bu, Nəcməddin Hüseynov adlı rəssamın yağlı boya ilə çəkdiyi Müharibəli Novruz əsəri idi.

Çoxillik təcrübəmə və yaddaşımın itiliyinə güvənib tablonun müəllifinin kimliyini yadıma salmağa çalışdım. Amma nə qədər çalışsam da, bir nəticəyə vara bilmədim. Niyə mən belə bir istedad sahibini tanımıram? sualı məni bir an belə tərk etmirdi. Odur ki, suallar burulğanına düşmüş şəkildə həmin illüstrasiyaları toplayan və kitabı nəşrə hazırlayan Səməd Vurğunun Bakıdakı ev-muzeyinə yollandım. Orada muzey əməkdaşlarından aldığım cavab nə qədər gözlənilməz olsa da, müəyyən dərəcədə mənim informasiyasızlığıma bəraət qazandıracaq idi. Məlum oldu ki, Nəcməddin Hüseynov Bakıda yox, Qazax rayonunun Çaylı kəndində yaşayır. Bölgədə az qala Çaylının tanınma nişanına çevrilən rəssamın Bakı ilə əlaqəsi də yox dərəcəsindədir. Əsəri də muzeyin direktoru Aybəniz xanım Vəkilova 2006-cı ildə Bakıda keçirilən Qazax rayonu günlərində görüb və onu muzeyə almaq qərarına gəlib. Direktorun əsəri pulla almaq təklifinə yox deyən rəssam, onu sevimli şairinin ev-muzeyinə hədiyyə edəcəyini bildirib.

Beləliklə, Müharibəli Novruz məşhur muzeyin kolleksiyasına daxil edilib. Bundan sonra baş verənlərdən mənim Qarabağ müharibəsi ilə bağlı iştirak etdiyim tədbirlərdə, radio-televiziya verilişlərində həmin əsəri davamlı təbliğ etmədiyimdən rəssamın özü də xəbər tutdu. Mənimlə telefon əlaqəsi yaratdı və mən onun barəsində əlavə məlumatları ala bildim.

Məlum oldu ki, onun rəssamlığa gəlişində görkəmli alimimiz Xudu Məmmədovun rolu olmuşdur. Belə ki, o, onuncu sinifdə oxuyarkən Çaylı kənd məktəbinə görüşə gələn alim orada Nəcməddinin çəkdiyi rəsmləri görmüş və onun təxəyyülünü və bacarığını çox bəyənmişdi. Bu yerdə deyək ki, rəssamlıq sahəsinə dərindən bələd olan Xudu müəllim zamanında bir çox gənc rəssama milli sənət qaynaqlarımızın alt qatını duymaqda yaxından kömək etmiş, bu məqsədlə Bakıda xüsusi kurslar da təşkil etmişdi. Odur ki, ucqar bir kənddə parlayan istedadın daha da inkişaf etməsi üçün dostu Bəxtiyar Vahabzadəyə ismarış göndərir, Nəcməddinin təhsil məsələsinin həllində yardımçı olmağı xahiş edir.

O, 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi olur. Burada tanınmış fırça ustaları Xalq rəssamı Sirus Mirzəzadə, eləcə də Elxan Tahirov və Rüfət Əsədullayevdən sənətin sirlərini öyrənir, 1981-ci ildə təhsilini başa vurur. Bir müddət Bədii Fondda tərtibatçı-rəssam kimi çalışan gənc rəssama izdihamlı Bakı mühiti bir qədər cansıxıcı görünür və o, doğma kəndinə qayıtmağa qərar verir. Beləcə, artıq bir qərinədən çoxdur ki, rəssam Çaylıda yaşamaqda, göz açıb gördüyü füsunkar təbiət mənzərələrini, ünsiyyətdə olduğu insanları əsərlərinin qəhrəmanına çevirməkdədir. O həm də Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi vaxtaşırı əsərlərini müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirir. Rayondakı rəsm qalereyasının daimi ekspozisiyasında da Nəcməddinin əsərləri yer almışdır.

Onun bu günlərdə İçərişəhərdəki NUR Art House qalereyasında açılmış fərdi sərgisi də tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Rəssamın hesabat sərgisində onun rəngkarlıq və qrafika əsərləri yer almışdı. Əsərlərində hər mövzunu mənalandırmağa, onların fəlsəfi qatına bədii görkəm verməyə üstünlük verən rəssamın bədii irsi kifayət qədər düşündürücüdür.

Bakıda görüşümüz zamanı ondan Müharibəli Novruzun yaranması tarixçəsini danışmağı xahiş etdim. O dedi: Əsərin yaranması 1993-cü ilin martına təsadüf edir. O vaxtlar atəşkəs barəsində razılığın əldə olunmadığı bir şəraitdə demək olar ki, hər gün sərhəd zonasından güllə səsləri eşidilirdi. Yaxşı yadımdadır, Novruz bayramı axşamı səslənən çox güclü və davamlı atəş səsləri bütün kənd camaatını küçəyə çıxartmışdı. Mən də onların arasında idim. Bir anlığa gözümün qarşısına ölümlə göz-gözə, üz-üzə qalan ordumuzun əsgərləri gəldi. Fikirləşdim ki, görəsən, onlar da bayramı qeyd edirlərmi? Edirlərsə, süfrələrində nələr vardır? Belə suallarım get-gedə çoxaldıqca məndə onlara rənglərin dili ilə cavab vermək istəyi yarandı... Səhərisi günü molbertin arxasına keçəndə artıq nə çəkəcəyimi dəqiq bilirdim. Mürəkkəb kompozisiyadan uzaq olan tabloda qəhvəyi rəngli sadə stolun üzərində özündə milli ənənələrimizi yaşatmağa yönəli əsgər süfrəsi açılmışdı... Müharibə şəraitində səməni göyərtməyə imkanı olmayan əsgərlərimiz, onu rəng baxımından səməniyə bənzəyən bir dəstə güllə topası ilə əvəz etmiş, ona bayram əhval-ruhiyyəsi vermək üçün belini də qırmızı parça ilə bağlamışlar. Yanına da rəngli yumurtaları xatırladan iki əl qumbarası qoymuşlar...

Nəcməddin Hüseynovun bu izahına onu əlavə etmək olar ki, doğrudan da, tabloda gördüklərimiz nə qədər sadə olsa da, ənənəvi mövzunun özünəməxsus bədii şərhi baxımından çox yeni və gözlənilməzdir. Mövcud şəraitin inandırıcılığı şübhə doğurmayan görüntüsü nəhayətsiz rəssam təxəyyülünün nəticəsidir.

Müharibəli Novruzun reproduksiyası da daxil edilmiş Azərbaycan incəsənəti (ingilis dilində) ensiklopediyasının 2012-ci ildəki təqdimatında iştirak edənlər bu əsərlə bağlı alqış səslərini yəqin indi də yaxşı xatırlayır. Bu, hər bir müəllif üçün önəmli olan həmin xoş anlarda salonda olmayan Nəcməddin Hüseynovun yaratdığı bənzərsiz əsərin zamansızlığa qovuşmasının təsdiqi idi. Bu həm də milli bayramlarımızı yaşadan əsgərlərimizin mübarizə ruhuna bələnmiş tabloda bədiiləşdirilən və düşmən üzərində qələbəyə müəllif inamının ifadəsi olan yüksək sənətkarlığın təqdirinin əyani görüntüsü idi...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.11.