“Mədəniyyət günləri ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərir”

 

Azərbaycanda İran mədəniyyəti günləri çərçivəsində görüş və tədbirlər

 

Xəbər verdiyimiz kimi, iyunun 27-də Azərbaycanda İran mədəniyyəti günləri başlayıb. Bununla bağlı İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 26-da Bakıya gəlib.

Nümayəndə heyəti həmin gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib. “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyulub.

 

* * *

 

İyunun 27-də Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nazir qonaqları salamlayaraq Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsinin önəmini vurğuladı və bu tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi. Nazir ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin uğurla gerçəkləşməsinə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirdi, ölkəmizin nümayəndə heyətinin bu səfərdən xoş təəssüratlarla qayıtdığını dedi. Vurğulandı ki, qarşılıqlı səfərlər, o cümlədən mədəniyyət günləri iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir.

İyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” tədbirlərinin açılış mərasimində İranın mədəniyyət və islami irşad naziri müavininin fəal iştirakından razılığını ifadə edən Əbülfəs Qarayev bunu münasibətlərimizin möhkəmliyinin nümunəsi kimi dəyərləndirdi.

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, 2017-ci ilin iyulunda İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandığını xatırlatdı. İranlı nazir ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşdüyünü də diqqətə çatdıraraq qeyd etdi ki, ikitərəfli mədəni əlaqələrin inkişafı üçün böyük potensial var: “Bir tərəfdən xalqlarımızı birləşdirən mədəni və tarixi köklər, digər tərəfdən isə hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması buna əminlik yaradır. Ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlərimiz arasında imzalanan sazişlər göstərir ki, əməkdaşlıq üçün mühüm hüquqi baza mövcuddur. Bu da mədəni sahədə çoxsaylı proqramları icra etməyə zəmin yaradır”. Vurğulandı ki, iki ölkənin müvafiq nazirlikləri olaraq bu imkanlardan lazımınca istifadə etməliyik.

Qonaq qeyd etdi ki, İranın Təbriz şəhərinin “İslam ölkələrinin turizm paytaxtı”, Azərbaycanın Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi müştərək layihələri gerçəkləşdirmək üçün yeni imkanlar açır. Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi də əlaqələrimizdə yeni bir mərhələnin başlanğıcıdır.

Nazir Əbülfəs Qarayev əlavə etdi ki, Azərbaycan İranla mədəni əlaqələri genişləndirməkdə maraqlıdır. Azərbaycanda İran Mədəniyyət Mərkəzinin fəaliyyətindən də razılığını ifadə edən nazir qarşılıqlı olaraq kino, rəssamlıq, muzey işi və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğuladı: “Xalqlarımızı bir-birinə yaxın edən memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyatımız var. Bu sahədə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas qolunu təşkil edir. Mədəni əlaqələrdə teatr sahəsinin də öz yeri var. Azərbaycan teatrları mütəmadi olaraq İranda keçirilən beynəlxalq festivallarda uğurla iştirak edirlər. İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq informasiya mübadiləsi üçün geniş imkanlar yaradır.

Kino sahəsində əməkdaşlığın da önəmini xüsusi vurğulayan Əbülfəs Qarayev bu istiqamətdə işbirliyinin perspektivlərini diqqətə çatdırdı. Vurğulandı ki, mədəni yaxınlıq ölkələr arasında ümumi münasibətlərə də hər zaman müsbət təsir göstərir.

Görüş iki ölkə arasında əməkdaşlığa dair fikir mübadiləsi ilə davam etdi. Sonda qarşılıqlı hədiyyələr təqdim edildi.

 

“Münasibətlərin mədəniyyət vasitəsilə möhkəmləndirilməsi məmnunluq doğurur”

 

İyunun 27-də Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycanda İran mədəniyyəti günləri çərçivəsində sərgi və mətbuat konfransı keçirildi.

Tədbiri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açaraq iki xalqın müştərək mədəniyyətə, adət-ənənələrə malik olduğunu dedi.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, iki ölkənin rəhbərləri arasında olan isti münasibətlər xalqların da yaxınlaşmasına, qardaşlıq münasibətinə rəvac verib. Qarşılıqlı münasibətlərin mədəniyyət vasitəsilə möhkəmləndirilməsi çox xoşdur: “Ötən il İranda Azərbaycan mədəniyyəti günləri keçirildi, bu il isə ölkəmizdə İran mədəniyyəti günləri təşkil edilib. Mədəniyyət günlərinin zəngin proqramı var: konsertlər, sərgilər, film nümayişi, teatr tamaşaları. Bu tədbirlər paytaxt Bakı ilə yanaşı, Gəncəni də əhatə edəcək. Bütün bunlar azərbaycanlı sənətsevərlərə bir çələng şəklində nümayiş olunacaq”.

Nazir çıxışının sonunda bu tədbirlərin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücünü nümayiş etdirəcəyini bir daha diqqətə çatdırdı.

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi çıxış edərək iki ölkənin həmişə bir-birini dəstəklədiyini dedi: “Adətən mədəniyyət günləri xalqların bir-birini yaxından tanıması üçün keçirilir. Azərbaycanın İranda və İranın Azərbaycanda mədəniyyət günlərinin keçirilməsinin məqsədi isə mədəniyyətlərimizin bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir. Belə tədbirlər sayəsində ölkələrimiz daha da yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın yeni yollarını tapa bilirik. İran və Azərbaycan təkcə iki dost və qonşu ölkə deyil, biz həmçinin eyni coğrafi ərazini paylaşan xalqlarıq. Bizim Azərbaycana səfərimiz və qarşılıqlı mədəni əməkdaşlığın bir məqsədi də bu müştərəkliyi nümayiş etdirməkdir”.

Sonra hər iki nazir mədəniyyət günlərinin ilk tədbiri kimi sərginin açılışını etdilər. Sərgidə İranın xalq yaradıcılığı nümunələri – zərgərlik, geyim, xalçaçılıq, xəttatlıq, rəssamlıq, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət eksponatlar təqdim olunur.

 

* * *

 

Sərginin açılışından sonra iki ölkənin nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirildi.

Mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, tarix boyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar. İran mədəniyyəti günlərinin açılışı ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm hadisədir. Bir həftə davam edəcək tədbirlər çərçivəsində Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil olunacaq.

Nazir qeyd etdi ki, Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəni əməkdaşlıq istiqamətində çox uğurla inkişaf edir. İran mədəniyyəti günləri çərçivəsində çox rəngarəng proqram tərtib edilib. Ölkəmizdə səfərdə olan nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edib. Bu da ölkələrimiz arasında çox yaxşı münasibətlərin olduğunu göstərir.

İranlı nazir Seyid Abbas Salehi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırdı. O, İranla Azərbaycan arasında inkişaf edən əlaqələrin gündən-günə möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Qonaq İran mədəniyyəti günlərinin yüksək səviyyədə gerçəkləşəcəyinə əminliyini bildirdi. Diqqətə çatdırdı ki, mədəniyyət günlərində iştirak etmək üçün İrandan Azərbaycana 70-dən çox incəsənət xadimi təşrif buyurub. Nazir Azərbaycan və İran arasında mədəniyyətin bütün sahələri üzrə bundan sonra da səmərəli fəaliyyətin həyata keçiriləcəyini, müştərək layihələrin reallaşacağını vurğuladı.

Daha sonra nazirlər jurnalistlərin suallarını cavablandırdılar.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.5.