Teatra inam və sədaqət

Tiflis Azərbaycan Dram Teatrı teatr mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. Bu sənət ocağında fəaliyyət göstərən görkəmli sənət fədailərimiz arasında Gürcüstanın Əməkdar artisti Abbas Qurbanovun adı hörmətlə çəkilir.

Abbas Mirzə Əli oğlu Qurbanov 1912-ci ildə Tiflis şəhərində dünyaya göz açıb. Erkən çağlardan teatra maraq göstərir. Qardaşı, sonralar Azərbaycanın Xalq artisti olmuş Əli Qurbanovun təşəbbüsü ilə 1925-ci ildə Tiflis Azərbaycan Dram Teatrına dəvət olunur. Bu teatrda nümayiş olunan Şeyx Əbuzər, Serqo (Şeyx Sənan - H.Cavid), Baloğlan, Şərif (Oqtay Eloğlu - C.Cabbarlı) Rodriqo (Otello - U.Şekspir) və s. obrazlarla tamaşaçıların rəğbətini qazanır.

1938-ci ildə teatrda Tur qardaşları və A.Şeynin Üzləşdirmə pyesi tamaşaya hazırlanır və müvəffəqiyyət qazanır. Rejissor V.Quşitaşvilinin quruluş verdiyi tamaşada A.Qurbanov Qureviç rolunda çıxış edir. Yeni kənd qəzeti 21 fevral 1938-ci il tarixli nömrəsində bu tamaşanı teatrın parlaq qələbəsi adlandırır. Aktyorun bu rolla inam və sədaqətlə dolu bir aləm yaratdığı qeyd olunur. 1938-ci ildə teatrda hazırlanan daha bir tamaşa - Arşın mal alan müvəffəqiyyət qazanır. Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının hazırladığı tamaşada A.Qurbanov Vəli rolunda çıxış edir.

Böyük Vətən müharibəsi (1941-1945) illərində teatr Rza Şahvələdin Qız qalası əsərini tamaşaya qoyur. İ.İsfahanlı hazırladığı səhnə əsəri ilə Gürcüstan mətbuatı ilə yanaşı, Azərbaycan mətbuatını da maraqlandırır. Ədəbiyyat qəzetinin 25 iyun 1944-cü il tarixli nömrəsində Qız qalası Tiflis Dövlət Dram Teatrı səhnəsində adlı yazıda tamaşa geniş təhlil edilir. Kəndbaşı rolunun ifaçısı A.Qurbanov öz gözəl oyunu ilə hadisələri daha da canlandırdığı, ümumi müvəffəqiyyətə yardım etdiyi xüsusi qeyd olunur.

Aktyor bu teatrda Mirzəli Abbasov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev kimi sənətkarlarla çiyin-çiyinə çalışır. Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mustafa Mərdanov, Mərziyə Davudova ilə eyni tamaşalarda çıxış edir.

Tiflis Azərbaycan Dram Teatrı 1947-ci ildə öz fəaliyyətini dayandırır. Bundan sonra teatrın aktyorlarının əksəriyyəti başqa teatrlara dəyişilir. A.Qurbanov isə doğulduğu şəhərdən ayrılmır. Həmin ildən etibarən taleyini özfəaliyyətə bağlayır. Tiflis şəhər Xalq yaradıcılığı eviMarneuli rayon Mədəniyyət evi kollektivləri ilə birlikdə çıxış edir. Bu kollektivlərdə kiçik həcmli tamaşalar və müxtəlif səhnə əsərlərindən parçalar hazırlayır, özü də fərqli obrazları canlandırır. Onun truppası maraqlı proqramlarla Tiflisdə, Borçalının ucqar yaşayış məntəqələrində çıxışlar edir və tamaşaçı rəğbəti qazanır. Lənkəran xanının vəziri, Arşın mal alan, O olmasın, bu olsun, Beş manatlıq gəlin, Durna, Toy kimindir? və bir çox başqa tamaşalar maraqla qarşılanır. Yüksək sənətkarlığı və gözəl səsə malik olması A.Qurbanovu Mirzə Həbib, Sultan bəy, Məşədi İbad, Dursun kimi obrazların məşhur ifaçısı kimi xalq arasında sevdirir.

Filologiya elmləri doktoru Adilxan Bayramov araşdırmasında yazır ki, aktyor eyni zamanda Gürcüstan radiosunun Azərbaycan redaksiyasının hazırladığı radio-tamaşalarda da çıxış edib. Görkəmli sənətkarın vəfat tarixi barədə dəqiq məlumat yoxdur.

 

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.13.