“Özbək şeir çələngi” kitabının təqdimatı keçirilib

 

Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə “Extremum-press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi” (“Uzbek şeriyati qulçambari”) kitabının təqdimat mərasimi keçirilib.

Kitabın tərtibçiləri azərbaycan şairi Şahməmməd Dağlaroğlu və özbək şairəsi, tərcüməçi Şəhla Qasımovadır. Kitaba akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.

Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə direktor Zuxra Berdiyeva iki xalq arasında dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan dilində özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir.

AMM-in direktoru Samir Abbasov kitabdakı şeirlərin tərcüməsinin xüsusi zəhmət tələb etdiyini vurğulayıb, nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, kitabda ilk dəfə olaraq özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa müəlliflərin əsərləri Azərbaycan və özbək dillərində oxucuya təqdim edilir.

Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri Atxam Alimbekov, şair Xasiyət Rüstəmova, kitabın redaktorları – şair Əkbər Qoşalı və Fərid Hüseyn nəşrin iki xalqın ədəbiyyatına töhfə olduğunu söyləyiblər.

Kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə hədiyyə ediləcək.

 

Mədəniyyət.- 2018.- 29 iyun.- S.15.