Yubilyar rəssamın əsərləri nümayiş olundu

 

 

   Martın 1-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar rəssam Rəfael Muradovun 75 illik yubileyi münasibətilə rəngkarlıq əsərlərindən ibarət sərgisinin açılışı oldu.

   Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq yubilyarın yaradıcılığı haqqında danışdı. Bildirdi ki, sənət dostu R.Muradovu gənclik illərindən tanıyır, onların sənətə gəlişi də eyni vaxta təsadüf edir. R.Muradovun doğulduğu Buzovna kəndi tanınmış rəssamların yaradıcılığında rol oynayıb. Azərbaycan rəssamlığında “Abşeron məktəbi” adı ilə tanınan bir çox rəssamlar burada yetişib.

   Rəssam Aydın Rəcəbov həmkarının yaradıcılığından və insani özəlliklərindən söz açdı.

   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov rəssamın həyatı boyu yaradıcılığa sadiq qaldığını dedi, bu sərgini də onun sənətsevərlər qarşısında növbəti hesabatı kimi dəyərləndirdi.

   ARİ-nin məsul katibi Rafiq Kərimov yubilyara həsr etdiyi təbrik şeirini oxudu.

   Sərginin açılışından sonra sənətsevərlər əsərlərlə tanış oldular. Sərgidə rəssamın 70-dən çox rəsmi yer alıb. Əsərlər sənətkarın gənclik illərindən indiyədək olan dövrü əhatə edir. Sərgi bir həftə davam edəcək.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 2 mart.- S.2.