Ulduz Sönməz: Mən belə yaşadım...” kitabının təqdimatı keçirildi

 

   Martın 6-da Azərbaycan Milli Kitabxanasında tanınmış aşıq, şair, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyevanın həyat və yaradıcılığından bəhs edən “Ulduz Sönməz: Mən belə yaşadım...” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar BirliyiMilli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı.

   Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Aşıqlar Birliyi ilə birgə reallaşdırılan layihələrin milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin təbliğinə töhfə verdiyini bildirdi. Kitab haqqında söz açan direktor qeyd etdi ki, Ulduz Sönməz 50 illik yaradıcılıq fəaliyyətində saz-söz sənətinə töhfələr verib, aşıq şeirimizin gözəl nümunələrini yaradıb.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev kitabın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, nəşrdə Ulduz Sönməzin keçdiyi ömür və sənət yolunun ayrı-ayrı məqamlarını əks etdirən xatirələr, son illərdə yazdığı şeirlər və yazışmaları ilə yanaşı, respublikanın tanınmış dövlət, elm və sənət xadimlərinin onun yaradıcılığı ilə bağlı fikirləri, mətbuata verdiyi müsahibələr, müxtəlif vaxtlarda ona ünvanlanmış məktublar, dövlət təltifləri haqda məlumatlar və s. yer alıb: Bu kitab Ulduz Sönməzin həyat və yaradıcılığına işıq salmaqla yanaşı, çağdaş dövrdə aşıq sənətini, bu sənəti yaşadanları öyrənən tədqiqatçılar və aşıqlıqda yeni addımlar atan gənclər üçün dəyərli mənbədir”.

   Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı sənətkarın aşıq sənətinin inkişafında xidmətlərindən danışdı. Qeyd etdi ki, sənət aləmində yarım əsrdir fəaliyyətdə olan aşıq Ulduz artıq öz obrazını yaradıb. M.Qasımlı dövlət tərəfindən aşıq sənətinə böyük diqqət yetirildiyini vurğulayaq bildirdi ki, aşıq Ulduzun da bu sənətin inkişafında rolu xüsusi qeyd olunmalıdır. O, gözəl sənətkar olmaqla yanaşı, həm də “Qopuz” jurnalının təsisçisi, ustad aşıq, pedaqoq, dəyərli ziyalıdır. Onun yaradıcılıq axtarışlarına hələ çox şahidlik edəcəyik.

   Tədbirdə daha sonra Xalq artisti Ramiz Quliyev, professor Qəzənfər Paşayev, Əməkdar mədəniyyət işçisi Gülara Azaflı, Aşıq Ələsgərin ev-muzeyinin yaradıcısı Hüseyn Həsənov və başqaları çıxış edərək aşığın yaradıcılığından söz açdılar, kitab haqqında fikirlərini bölüşdülər.

   Sonda aşıq Ulduz Sönməz çıxış edərək təqdimat mərasiminin təşkilində əməyi olanlara və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.

   Qeyd edək kitabın nəşrə hazırlayanı və redaktoru Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.4.