Zəfər nəğmələri yazmağa çağıran bəstəkar

 

 

   Əməkdar incəsənət xadimi Tahir Əkbər vəfat edib

  

   Arzum budur ki, yaşım yazacağım əsərlərlə ölçülsün. Həm də mən istəməzdim ki, əsərlərim mənimlə birgə qocalsın. Onların daim cavan qalmasını istəyirəm” deyən tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər martın 2-də dünyadan köçdü. Soyuq qış günündə dünyaya gələn bəstəkar baharın ilıq nəfəsinin duyulduğu bir vaxtda həyata əbədi əlvida dedi...

   Tahir Əkbər həyatının bir hissəsini qürbətdə yaşamasına baxmayaraq, bütün yaradıcılığı boyu Azərbaycan xalq musiqisindən bəhrələnərək onu əsərlərində qabarıq şəkildə təcəssüm etdirən bəstəkarlardan idi. “Mən mahnını quşa bənzədirəm. Onun bir qanadı bəstəkar, bir qanadı şairdir. Amma bu quşu göylərə qaldıran, ona ruh verən müğənnidir. Üçü də mükəmməl olanda musiqi də mükəmməl olur”, - bu fikirlər də ona məxsus idi. Cismani bizlərdən ayrılsa da, sevilən nəğmələri ilə qəlblərdə yaşayacaq.

   Tahir İsmayıl oğlu Əkbərov (Tahir Əkbər) 1946-cı il yanvarın 20-də Bakıda doğulub. 1960-1965-ci illərdə o vaxtkı Dzerjinski adına Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Musiqi məktəbinin fortepiano şöbəsində oxuyub.

   Həyatının müəyyən bir dövrü Özbəkistanla bağlı olduğu üçün 1965-1969-cu illərdə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunda təhsil alıb. Musiqişünas kimi təhsilini başa vurduqdan sonra Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsinə qəbul olunub.

   Tahir Əkbər Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildə keçmiş SSRİ Bəstəkarlar İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 1980-ci ildə Bakıya qayıdan bəstəkar elə həmin ildən də Azərbaycan Dövlət Radio və Televiziyasında musiqi redaktoru vəzifəsində çalışmağa başlayır.

   Onun yaradıcılığında mahnı janrı əsas yer tutur. Bəstələdiyi “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Bu mahnılar efirekranda daim səslənərək dinləyicilərin rəğbətini qazanıb. Çoxları onun musiqilərini xalq mahnıları kimi tanıyıb. Əslində, bu da bəstəkarın böyüklüyüdür. Bəstələdiyi mahnılar xalq dilinə, xalq ruhuna o qədər yaxın olub ki, o mahnılar xalq mahnıları qədər sevilib.

   Tahir Əkbərin adı həm də Azərbaycan professional musiqisində yeni janrların yaradılması ilə bağlıdır. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri və onun davamı kimiYa Rəbb” adlı vokal simfonik poeması onun musiqi sənətimizdə özünəməxsus yerinin göstəricisidir. Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyeva yazır ki, Tahir Əkbər “Amin” əsəri ilə Ü.Hacıbəylinin ölməz “Leyli və Məcnun” operasında və F.Əmirovun “Şeyx Sənan” tamaşasına yazdığı musiqidə başladığı yolu davam etdirmişdi: “Hər iki əsərdə mərsiyə məhəbbət mövzusuna transformasiya edilərək dini musiqinin təsir gücünü qabarıq şəkildə büruzə verir”.

   Amin” mahnısından söz düşmüşkən onu da qeyd edək ki, mahnının yaranma tarixi 90-cı illərə təsadüf etdiyindən həmişə düşünürdüm ki, bu mahnı daha çox kədər və ağrı-acını simvolizə edir. Lakin son dövrlərdə bu mahının el şənliklərində “Vağzalı” ilə birgə səslənməsi hallarına tez-tez rast gəlirdim. Elə bu səbəbdən də görkəmli klarnet ifaçılarından soruşanda ki, “Amin” mahnısını niyə toy şənliklərində ifa edirsiniz, maraqlı cavab aldım. Bildirdilər ki, bu mahnı yeni qurulan ailələrə sanki xeyir-dua verir və “Vağzalı” ilə elə uyğunluq təşkil edir ki, bu günə kimiheç kəs etirazını bildirməyib.

   Bəli, Tahir Əkbər sənətinin bir möcüzəsi də bu idi. O, dini musiqiyə xas, lakin əhval-ruhiyyəli kompozisiya yarada bilmişdi. Yuxarıda adlarını qeyd etdiyimiz mahnıların hər biri insanın emosional hislərini, müxtəlif yaşantılarını təcəssüm etdirir.

   Onun yaradıcılığında xor musiqisinə, simfonikkamera əsərlərinə də rast gəlirik. Olan olar”, “Vokalorkestr üçün kompozisiya”, “Azəri” (klarnetinstrumental ansambl üçün rəqs), “Yarat” (vokal, xororkestr üçün poema-kompozisiya), Dünya azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi xorsimfonik orkestr üçün “Həmrəylik“ himnis. əsərlər bəstəkarın yaradıcılığının zənginliyindən soraq verir.

   Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova musiqiçi haqqında danışarkən demişdi: “Tahir Əkbər Azərbaycan mədəniyyətinin çox sevilən simalarından biridir. Bundan əlavə, o, hamının sevimli bəstəkarıdır. O, musiqinin bir çox janrında əsərlər yazsa da, yaradıcılığının böyük hissəsini mahnılar və romanslar təşkil edir. Onun əsərləri milli dəyərlərə söykənir”. Həqiqətən də, bəstəkarın səmimi, vətənpərvərlik, məhəbbət üzərində köklənən mahnıları musiqi mədəniyyətimizi zənginləşdirib və xalq mahnılarımız kimi sevilib.

   Tahir Əkbərin həm də Qarabağ döyüşlərinə, orada vuruşan hərbçilərimizə həsr olunan silsilə mahnıları var. Bu mahnıların hər biri bir zəfər nəğməsidir. Mahnı yaratmaq hər adama nəsib olmur. Özü də ölməz mahnılar. İnsanların ürəklərini oxuya bilən, onların qəlbinə toxunan mahnılar. Əgər biz o mahnıları daim zümzümə ediriksə, daim o mahnılar qulağımızda səslənirsə, demək, qəlbimizə yol tapıb, demək, sevilib Tahir Əkbər nəğmələri.

   Sənətkar həyatdan köçsə də, yaratdığı mahnılar bizimlədir. Bu elə mahnılardır ki, hələ uzun illər oxunacaq. “Gəlin, hamımız zəfər mahnısı yazaq. Həmin mahnılar o torpaqlarda səslənsin. O gün üçün hamımız «İlahi, amin!» deyək”, - çağıran bəstəkarın ruhu şad olsun.

  

   Lalə Azəri

 

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.6.