Kaş bu nağıl bitməyəydi...

 

   Bir var danışılan nağıllar, birvar yaşanan nağıllar. Danışılan nağıl nümunəsi kimi dünya hələ gözəl və ağıllı Şəhrizadın ta min bir gecə danışdığından maraqlısını eşitməyib. O ki qaldı yaşanan nağıla, bu məsələ bir qədər başqa cürdür. Çünki həyatında nağılı bir, ya da ən çoxu iki-üç gecə yaşaya bilərsən ki, o da sənə ömür boyu bəs edər. Bu da kiməsə qismət ola, olmaya...

   Bizə də belə bir nağıl ilə yaşamaq qismət oldu. Yəni səhnədə nağıl oynandı, biztamaşa etdik. Söhbət "M.Teatr"ın Rövşən Ağayevin "Bir gecənin nağılı" pyesi əsasında hazırladığı eyniadlı tamaşadan gedir. Səhnə əsərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında izlədik.

   ...Axşamdan xeyli keçib, əl-ayağın yığışdığı parkda göyçək bir qız xeylağı təkcə oturub. Qorxsa da, oturub. Çünki evdən qaçıb. Yəni əslində evdə onun üçün hazırlanmış gələcək yaşam ssenarisindən qorxduğu üçün qaçıb. Çünki möcüzələrə inanan Qız üçün bir gecəni parkda dirigözlü açmaq öz seçimi olmayan, şəkildən tanıdığı, sevə bilməyəcəyinə qəti əmin olduğu kəslə ömrü boyu eyni həyat paylaşmaqdan dəhşətli ola bilməz. Həm də özünə söz verib ki, bu gecə qarşısına kim birinci çıxsa, elə ona da... ərə gedəcək! Absurd yanaşmadır? Bəlkə də... Axı, kim zəmanət verə bilər ki, valideynlərin seçdiyi o biznesmen oğlan gecə ilə parkda qarşına çıxan "qismət"dən pisdi? Heç kim! Amma bu "qismət"in bir üstünlüyü ola bilər: həyat mənimkidir, həyatımın yoldaşını da mən seçirəm! Bütün yanlışlığı, bütün məntiqsizliyi ilə bu seçim məsuliyyəti də özümündür: necə deyərlər, özü yıxılan ağlamaz!..

   Amma, atalar demişkən, Qızın anası namaz üstdə imiş. Çünki qarşısına səfil, əyyaş, yaxud, oğru, çirkin, qoca, lap elə evli birisi yox, yaraşıqlı, subay, cavan, oxumuş, mədəni bir Oğlan çıxır. Düzdür, onun da naqis cəhətləri yox deyil. Ammaolsun? Qadın böyük qüvvədir! İstəsə, digər qadının - ananın öz övladına yazdığı ömür ssenarisini pozub təzədən yazar! İnanmırsınız? Axı, sözümüzün əvvəlində dedik ki, həyatda bəzən nağıl yaşaya bilirsən...

   "M.Teatr" bu nağılı Əməkdar artist Vidadi Həsənovun quruluşunda elə təqdim etdi ki, özümüzü seyrçi yox, iştirakçı sandıq. İştirakçı demişkən, tamaşada teatrallardan daha çox teleserial izləyicilərinin yaxşı tanıdığı iki cavan aktyor - Günay Əhməd və Ziya Ağa iştirak edir.

   Başa düşdüyünüz qədər tamaşanın iki personajı var: Qız və Oğlan. Əslində isə biz onların valideynlərini də görürük. Qızın dili ilə desək, övladlarını oyuncaq kimi böyüdüb onların taleyini öz istədikləri kimi yazmaq istəyən valideynləri. İlk baxışdan elə görünə bilər ki, Qız üçüncü nəsil alim ailəsində böyüyən, “ana uşağı” Oğlandan daha fərasətli, daha cəsurdur. Amma hadisələr inkişaf etdikcə məlum olur ki, elə Qız da ana quzusudur, ilk səhnələrdə Oğlana evlilik təklif etməsi, bir gənc qızla oğlanın gecə vaxtı parkda neyləyəcəyi barədə "təlimat" verməsi hansısa əcnəbi filmdə gördüyünün sözdə təkrarından başqa bir şey deyil. Özünü çoxbilmiş kimi aparsa da, qadın-kişi münasibətində heç bir təcrübəsi yoxdu. Sadəcə, valideyn hikkəsi Qızı başı kitablara, mücərrəd elmi axtarışlara qarışmış Oğlandan daha erkən yaxalayıb. Bəs sonluq necədir? Elə bizim istədiyimiz kimi! Yəni səhnədəki Oğlanın da, Qızın da istədiyi kimi. Axı nağıl xoş sonluqla bitməlidir. Belə bitməsə, daha o, nağıl olmaz ki. Hər halda Qızın arzuladığı möcüzə baş verir. Bir neçə saatın içində tanıdığı Oğlan onun təsiri altında və Qızın başına gələn hadisənin onu da gözlədiyini anlayaraq ailə diktəsi buxovlarını qırır, qeyri-adi şəraitdə və vəziyyətdə tanış olduğu Qıza aşiq olur, hətta onunla evlənməyə qərar verir!.. Üstəlik, şimşək çaxıb yağış da yağır ki, Qız bu sevgiyə inansın! Beləcə, ulduzların şahidliyi ilə başlayan eşq hekayəsinə göylər leysanla xeyir-dua verir.

   "M.Teatr"ın cəmi bir neçə dəfə oynanılmış bu tamaşasına həm teatr cameəsinin, həm də gənc sənət həvəslilərinin və bu həvəslilərin digər sahələrdə çalışan dostlarının marağı sevindirməyə bilməz. Əslində hər teatrın tamaşasında digər teatrların bu qədər aktyorunu görmək, onların təbrikini eşidib alqışına şahid olmaq da nadir hadisədir. Başqa bir məqam da bundan ibarətdir ki, lap son illərdə "Bir gecənin nağılı" Bakıdakı iki teatrın repertuarında olub, amma bu qədər maraqla qarşılanmayıb...

   Düzünü deyim ki, bu tamaşaya adı afişada yazılmış iki gənc aktyoru teatr səhnəsində görmək üçün baxdım. Çünki istedadlı gənclərin - Günay Əhmədin və Ziya Ağanın öz potensialını seriala çəkilməklə xərcləyib bitirməsi, gəldi-gedər populyarlığa arxayınlaşması təkcə onlar üçün deyil, teatr üçün də sənətçi itkisi olardı. Şükürlər ki, gənclər əsl sənət yolundadırlar.

   Oxucu soruşa bilər ki, bəs sonraoldu? Park, iki cavan, yağış, nağıl arzusu... Bütün bunlar bir növ hind filmlərinin ssenarisinə oxşamır ki?.. Cavab veririk ki, yox, oxşamır... Əvvələn, o filmlərdə yağış əvvəldə yağır, oğlan da, qız da mahnı oxuyub rəqs edir, bir-iki kadrdan sonra da yağışın bərəkətindən bir övladları, özü mütləq oğlan uşağı dünyaya gəlir nağıl təzədən başlanır. Düzdür, bu tamaşada da Oğlanla Qız rəqs edirlər, özü peşəkar səviyyədə, teatr səhnəsi üçün yetərincə akrobatik sayılacaq elementlərlə dolu rəqs. Mahnını isə fonda Miri Yusiflə Zülfiyyə Xanbabayeva oxuyur.

   Biz isə nağılı öz həyatında yaşayan iki gənc qəhrəmanı sevə-sevə seyr edirik, həm istəyirik ki, bu nağıl onların bu gecədən sonrakı həyatında da davam etsin...

   Bir ki nağılı seyr edib danışmağa var ki! Hünərin var, onu həyatda yaşa!

  

   Gülcahan Mirməmməd

 

 Mədəniyyət.- 2018.- 7 mart.- S.10.