Mühacirət dövründən bəhs edən kitablar təqdim olunub

 

   “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, publisist Dilqəm Əhmədin kitablarının imza günü keçirilib.

   “TEAS Press” nəşriyyat evinin çap etdiyi kitablarda müəllif Türkiyədə yaşadığı dövrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. O, mühacirlərin ailə üzvləri ilə əlaqə quraraq, onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə edib. Dörd il ərzində toplanan materiallar “TEAS Press” tərəfindən “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə nəşr olunub.

    “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında nadir materiallar təqdim edilib. Burada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru Paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar verilib.

   “Mühacirlərin dönüşü” adlı kitabda isə Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə dair zəngin material təqdim edilib.

   “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Mirisrafil Sabir Həsənov, Əməkdar rəssam, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və digər çıxış edənlər Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan etməsinin əhəmiyyətini xüsusi vurğulayıblar, kitabların tariximizlə bağlı dəyərli mənbə olduğunu qeyd ediblər.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.11.