Tariximizin Şirvanşahlar salnaməsi

 

   Milli Azərbaycan Tarixi Muzeyində açılan sərgidən təəssürat

  

   Xəbər verdiyimiz kimi, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” adlı sərgi açılıb. İki aya yaxın davam edəcək sərginin məqsədi tariximizin önəmli səhifələrindən olan Şirvanşahlar dövlətinin (IX-XVI əsrlər) siyasi, inzibati, iqtisadi, hərbi xüsusiyyətlərini göstərmək, əldə etdiyi nailiyyətləri, mədəni irsini nümayiş etdirməkdir. Sərginin kuratoru muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

  

   Tarixə səyahət

  

   Bu günlərdə yolumuzu muzeydən salıb sərgi ilə tanış olduq. Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı Nərmin Bağırova sərgi haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, Şirvanşahlar dövləti barədə sərgi ilk dəfə təşkil edilir.

   Şirvanşahlar dövləti vaxtilə Cənub-şərqi Qafqazda - əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan (Rusiya Federasiyası) ərazisində mövcud olub. Paytaxtı Şamaxı və Bakı şəhərləri idi.

   Şirvanşahlar dövlətinin banisi Heysəm ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Təxminən 7 əsr mövcud olmuş Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulub. Heysəm ibn Xalidin nəslindən olan şahlar dövləti idarə ediblər. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyətini 3 mərhələyə - Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrlərinə bölürlər. Hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdisə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab edib, İran mədəniyyətinə meyil göstəriblər. Dərbəndilər isə ənənəvi “Şirvanşahtitulu ilə yanaşı “Xan”, “Xaqan” titulları da daşıyaraq türk mədəniyyətinin təsiri altında olublar.

  

   Eksponatların əksəriyyəti ilk dəfə nümayiş olunur

  

   Sərgidə muzeyin fondlarında qorunan 225 eksponatŞirvanşahlar dövlətinin inzibati quruluşu və dövlətçilik ənənələri”, “Hərb işi”, “Dənizçilik”, “Sənətkarlıq və ticarət”, “Şəhərlər”, “Elm və mədəniyyət” bölmələri üzrə nümayiş olunur. Bu eksponatların böyük əksəriyyəti tamaşaçılara ilk dəfə təqdim edilir. Bakı, Şamaxı, Şabran və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda aşkarlanmış materiallar muzeyin bərpa laboratoriyasında təmizlik-bərpa işləri aparılandan sonra sərgidə nümayiş etdirilir.

   Şirvanşahlar dövlətinin irsini sistemli izah etmək məqsədilə sərgidə 25 məlumat paneli qurulub. Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər də təqdim edilir. Monitorda dünya muzeylərində qorunan ipək parçalar, mis qablar, qızıl və gümüş zərgərlik əşyaları, şirli saxsı qablar, müxtəlif silahlar nümayiş olunur. Eksponatlar sırasında keramika məmulatı, mis, tunc, gümüşağac əşyalar, parçalar, silahlar, hakimiyyətdə olmuş bir neçə sülalənin rəmzləri də diqqəti cəlb edir. Sərgidə Şirvanşahlara məxsus 80 ədəd pul nümunəsi də yer alıb. Bu numizmatika örnəkləri arasında IX-XVI əsrlərdə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif Şirvan şahları adından zərb edilmiş pullar var.

   Həmçinin Şirvanşahlar dövrü abidələrinin və görkəmli şəxsiyyətlərinin fotoşəkilləri maraq doğurur. Bu sırada “Pir Hüseyn xanəgahı” (XIII əsr), “Qobustanda karvansara” (XV əsr), Seyid Yəhya Bakuvi, İmadəddin Nəsimi, Xaqani Şirvani və Fələki Şirvaninin şəkillərini və s. qeyd edə bilərik.

   Sərgidə maraqlı məqamlardan biriMilli Azərbaycan Tarixi Muzeyinin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzər dənizində aşkar edilmiş eksponatların nümayiş olunmasıdır. Misal üçün, şüşə qab hissələri, saxsı dolça, çıraq, şirli flakonlar, Şabran şəhərində aşkar edilən kaşılar, həmçinin Şirvanşahlar dövlətinin döyüşçülərinin dəbilqələri, halqalı zirehlər, dizliklər, qılınc və xəncərlər, Şəkidə arxeoloji qazıntılar zamanı XIII əsrə aid tunc qazanqablar da sərginin diqqətçəkən eksponatlarındandır.

  

   Dövlətin xarici əlaqələri

  

   Bələdçimiz Şirvanşahlar dövlətinin iqtisadi həyatı ilə də bağlı məlumat verdi. Qeyd etdi ki, XIII əsrin sonu - XIV əsrin əvvəlləri Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin xeyli genişləndiyi dövrdür. İçərişəhərdəki köhnə Buxara karvansarası həmin dövrün yadigarıdır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət əlaqələri saxladığını bir daha təsdiqləyir. Şirvanşahlar sarayı ərazisində XIV əsrə aid bürünc Kubaçi çıraqlarının və Rey keramikasının tapılması Dağıstan və İranla ticarət və iqtisadi əlaqələrin olduğunu göstərir. Şirvanşahların hakimiyyəti dövründə Xəzər dənizi vasitəsilə dəniz ticarəti də böyük vüsət almışdı. Gəmiləri Qara dənizdə üzən GenuyaVenesiya sahillərində tacirlərin faktoriyalar (Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıqları yer - red.) təşkil etmələrinə, Xəzər dənizində də donanmalarının olmasına dair məlumatlar var.

  

   Dövrün sənətkarlıq nümunələri

  

   Öyrənirik ki, XII-XIII əsrlərdə Şirvanda dekorativplastik sənət böyük inkişaf yolu keçib. Sənətkarların abidələr üzərində qalmış adları Şirvanda bir sıra istedadlı heykəltəraşların olduğunu göstərir. Bakı buxtasında, XIV əsrdə su altında qalmış uzunsov düzbucaq formalı qala tipli tikilinin yerində (Bayıl daşları deyilən yer) üzərində ərəb əlifbası ilə kitabələr həkk olunmuş səkkiz yüzədək sal daş tapılıb. Fars dilindəki bu kitabələr vaxtilə abidənin divarlarını yuxarıdan dövrələyən frizdə yerləşdirilib. Salların boş qalan yerlərində qabarıq şəkildə müxtəlif heyvan, əfsanəvi varlıq, bəzilərində tac olan insan başları təsvir olunub. Bu qabartmaların bir çoxu böyük sənətkarlıqla, realist səpkidə işlənib. Buya digər heyvana məxsus hərəkətlər düzgün təcəssüm etdirilib. Bir neçə daşda isə memar Zeynəddin ibn Əbu Rəşidin, nəqqaş Rəşidin adları çəkilir.

   * * *

   Şirvanşahlar dövlətinin hərtərəfli tanıdılmasına imkan yaradan, bizimzövq aldığımız bu tarixi sərgi mayın 15-dək ziyarətçilər üçün açıq olacaq. Tariximizə yolçuluğa sizqoşulun.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.11.