Görkəmli ədəbiyyatşünas alimin xatirəsi anılıb

 

 

   Martın 5-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, pedaqoq, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov alimin həyat və yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən danışıblar, məruzələr dinlənilib.

   Qeyd olunub ki, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr mərhələsinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğində müstəsna xidmətlər göstərib. Onun böyük zəhmətinin və gərgin elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından çox dəyərli elmi mənbədir.

   Tədbirdə görkəmli alimin ömür yolunu əks etdirən film nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.12.