Babamoğlum” - kimdir günahkar?

 

 

   Martın 2-də Nizami Kino Mərkəzində son illər Türkiyə kinosunun ən sanballı filmlərindən olanBabamoğlum” bədii filminin nümayişi keçirildi. Böyük izləyici auditoriyası olan film yerli kinosevərlər tərəfindən də rəğbətlə qarşılandı.

   2005-ci ildə rejissor Çağan İrmak tərəfindən çəkilən bu film Türkiyənin Ege bölgəsindəki kənddən ali təhsil almaq üçün gedən gəncin (Sadık) illər sonra tək və kiçik oğlu ilə kəndə dönüşündən bəhs edir.

   Əslində, film Türkiyədə 1980-ci il 12 sentyabr hərbi çevrilişinin mahiyyətini açmağa xidmət edir, bu hadisə nəticəsində günahsız insanların bada getmiş həyatlarına işıq tutulur, alt qatdakı səbəblər axtarılır. Türkiyədə kinoteatrlarda 4 milyona yaxın tamaşaçının izlədiyi film psixoloji dram janrında çəkilən ən yaxşı ekran əsərlərindən biridir. Əsər həzin musiqisi, zarafatcıl, qayğıkeş obrazları, incə yumoru, dərin kədəri və fəlsəfəsi ilə tamaşaçını düşündürür, göz yaşlarına səbəb olur.

   Filmin əsas məzmunu belədir: Sadıkın atası Hüseyn əfəndi kənd təsərrüfatı sahəsində imkanlı bir adamdır. İstəyir ki, oğlu kənd təsərrüfatı üzrə ali təhsil alıb qayıtsın, onun təsərrüfatını idarə etsin. Sadık isə tələbəlik illərindən siyasətə qoşulur. Bunu öyrənən atası onu övladlıqdan çıxarır. 70-ci illərdə bir çox siyasi hadisələrə qoşulan Sadık zor günlər yaşayır, həbsxanalara düşür. 1980-ci ilin 12 sentyabrı onun həyatında faciəli gün kimi yadda qalır. Həmin gün səhərə yaxın o, hamilə həyat yoldaşının doğum sancılarının tutması səbəbindən xəstəxanaya getmək üçün yola çıxır, ancaq yolda maşın tapılmır. Ona görə ki, ölkədə fövqəladə vəziyyət elan olunub. Bu üzdən qadın elə yaşadığı evin yaxınlığındakı ağaclıqda doğurçoxlu qanitirmədən ölür. Uşaq isə sağ qalır. Atası oğluna Dəniz adı qoyur.

   Yatdığı həbsxanalarda gördüyü işgəncələrdən dolayı sağlamlığını itirən Sadık tezliklə öləcəyini düşünür, son məqamda oğlu ilə kəndə - ata evinə dönür. Atası oğlunu evə buraxsa da, onunla danışmır, nəvəsinə də saymaz yanaşır. Axır ki, Sadık təkidlə atasına yaxınlaşır, oğlunu ona əmanət etdiyini, Dənizin yaşaması üçün qayğı göstərməsini istəyir. Bundan sonra o, xəstəxanaya yerləşdirilir. Artıq onun ciyərləri sıradan çıxmışdı. Beləliklə, Sadık xəstəxanada keçinir.

   Atası Hüseyn əfəndi indi oğlunun ölümünə görə özünü suçlu sayır. Qışqıraraq “Niyə səni oxumağa göndərdim ki, bu baş verdi?” deyir. Oğlunun ölümündən sonra övladının qoxusunu onun yadigarı olan Dənizdən almağa başlayır...

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 7 mart.- S.15.