Od çərşənbəsinə həsr olunmuş şənlik və mərasimlər

 

   Martın 6-da “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Novruz bayramı öncəsi çərşənbələrin ikincisi sayılan Od çərşənbəsinə həsr olunmuş bayram şənliyi keçirilib.

   Şənlikdə milli rəqslər ifa olunub, mahnılar səslənib, eyni zamanda nağara, qarmonsaz ifaçıları öz çıxışları ilə tamaşaçıların zövqünü oxşayıb.

   Rusiya, Qazaxıstan, Ukrayna, Qətər, İran, İraq, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən gəlmiş turistlər də şənliyə qatılıb, iştirakçılar birlikdə rəqs ediblər.

   Abşeron rayonu Məmmədli və Digah kənd sakinlərinin və qonaqların iştirak etdiyi tədbirdə milli adət-ənənəmizə uyğun olaraq qonaqlara və turistlərə xonçalarda milli Novruz şirniyyatları paylanıb, çay süfrələri təşkil edilib.

   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki digər qoruqlarda da Novruz bayramı ilə bağlı tədbirlər nəzərdə tutulub.

   Martın 13-də Novruz öncəsi çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsi münasibətilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda və İsmayıllı rayonunda, Lahıc Tarix-Mədəniyyət Qoruğunda şənliklər təşkil ediləcək.

   * * *

   Nazirliyin Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Yevlax rayon Ərəş kənd Folklor evində Od çərşənbəsinə həsr edilmiş tədbir keçirilib.

   Folklor evinin direktoru Raqubət Fərəcova elimizin, obamızın qədimdən bu günə qədər qoruyub saxladığı bayramların ən gözəli Novruzun ikinci çərşənbəsi haqında məlumat verib.

   Folklor evinin həyətində kəndin qız və gəlinləri tərəfindən elimizin qədim adət və ənənələri nümayiş etdirilib - sac üstünə yuxa salınıb, qovurğa qovurulub, kirkirə daşında buğda üyüdülüb, samovarlar qalanıb, gənclərə adətlərimiz təbliğ olunub.

   * * *

   Sabirabad rayon Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə “Muğan” parkında Od çərşənbəsi qeyd edilib. Bayram şənliyində tonqal qalanıb, mərasim nəğmələri və xalq mahnıları tədbirə xüsusi təravət gətirib. Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən-kiçiyə hamıya xoş ovqat bəxş edib.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.6.