Ölkəmiz Avropa Spa Assosiasiyasının iclasında təmsil olunub

 

   “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi çərçivəsində Avropa Spa Assosiasiyasının (ESPA) işçi görüşü və sağlamlıq turizmi potensialının təbliğatı mövzusunda seminar keçirilib.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla sektorunun aparıcı məsləhətçisi - sağlamlıq turizmi üzrə koordinator Günel Aslanova iştirak edib.

   İşçi görüşündə Mədəniyyət və Turizm Nazirliyi və ESPA əməkdaşlığı çərçivəsində Naftalan neftinin müalicə əhəmiyyətini təsdiq edən sertifikatın alınması məqsədilə ötən ilin dekabr ayında Azərbaycanda səfərdə olmuş təşkilatın mütəxəssisi Kurt Von Storch məruzə ilə çıxış edib. O, Naftalan neftinin müalicə əhəmiyyəti və şəhərin sağlamlıq turizmi imkanları haqqında məlumat verib.

   Nazirliyin əməkdaşı Günel Aslanova “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrası ilə bağlı ölkəmizdə sağlamlıq turizminin kompleks inkişaf etdirilməsi məqsədilə qarşıya qoyulan tapşırıq və hədəflərdən söz açıb. Qeyd olunub ki, mütəxəssislər Naftalanın “Qaşaltı” və “Çinar Naftalan” mehmanxanalarına baxış keçiribbu mərkəzlərin imkanları geniş araşdırılıb. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu tərəfindən təqdim olunan Naftalan neftinin tərkibi və istifadəsi imkanlarına dair rəsmi materiallar da iclas iştirakçılarına təqdim edilib.

   Qeyd etmək lazımdır ki, müvafiq beynəlxalq sertifikatın təqdim edilməsi məsələsinin Avropa Spa Assosiasiyasının idarə şurasında son müzakirəyə çıxarılması qərara alınıb.

  

Mədəniyyət.- 2018.- 10 mart.- S.8.