Musiqi. Təsviri sənət. Bahar

 

 

   Xalq rəssamı Arif Hüseynovla görüş

  

   Martın 7-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq rəssamı Arif Hüseynovla görüş keçirilib.  

   Musiqi. Təsviri sənət. Bahar” adlı tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın həyat və yaradıcılığından danışıblar.

   Qeyd edilib ki, A.Hüseynov tanınmış rəssam-miniatürçü, rəssam-qrafik və ədəbi əsərlərin illüstratorudur. Onun əsərlərindəki mövzuların musiqi ilə xüsusi bağlılığı var. Vurğulanıb ki, rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskvada Şərq Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır, İstanbul, Moskva, PraqaTokioda sərgiləri açılıb.

   Əməkdar incəsənət xadimi, kino tarixçisi Aydın Kazımzadə qeyd edib ki, rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar.

   Tədbir tanınmış ifaçıların konsert proqramı ilə davam edib. İfaçıları muzeyin Qədim musiqi alətləri ansamblı müşayiət edib.

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.4.