Sumqayıt Dövlət Rəsm Qalereyasında sərgi və bayram mərasimi

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında 15 saylı tam orta məktəbin şagirdi Mehriban Əliyevanın "Rənglərin dünyası" adlı fərdi sərgisi keçirilib. Şəhər Təhsil idarəsi, 15 saylı tam orta məktəb və qalereyanın birgə təşkilatçılığı ilə keçirilən sərgidə müəllifin 50-yə yaxın əl işi nümayiş olunub.

   Tədbirdə çıxış edənlər balaca rəssamı və onun rəsm müəlliməsi Sevda Bənnayevanı sərgi münasibətilə təbrik ediblər. Hədiyyə və fəxri fərmanlar təqdim edilib.

   * * *

   Sumqayıt Dövlət Rəsm Qalereyasında daha bir tədbir 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilib.

   Tədbirdə gənc rəssam və dekorativ-tətbiqi sənət ustası, dizayner Tərlan Hacıyeva və onun tələbələrinin rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub. Tədbir LLBS tədris mərkəzi, “Start Education Centre” və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə 90 rəsm əsəri və 50 dekorativ-tətbiqi təqdim olunub.

   Qalereyanın direktoru Ellada Həsənova, şəhər Gənclər və idman idarəsinin əməkdaşı Ceyhun Hüseynov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib və gənc rəssamları fəxri fərman və hədiyyələrlə təltif ediblər.

   Tədbirdə S.Rüstəmov adına Uşaq incəsənət məktəbi skripka şöbəsinin şagirdlərinin ifasında klassik musiqilər dinlənilib.

  

 

Mədəniyyət.- 2018.- 10 mart.- S.7.