Prezident Xalq yazıçısı Anarı yubileyi münasibətilə təltif və təbrik edib

 

   Prezident İlham Əliyev martın 13-də Xalq yazıçısı Anarın (Anar Rəsul oğlu Rzayev) “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Yazıçı Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

   Qeyd edək ki, Anar Azərbaycan mədəniyyətinin təbliğində, milli ədəbiyyatın inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” (1998), “Şərəf” (2013) ordenləri, Heydər Əliyev Mükafatı (2011) ilə təltif olunub.

   Dövlət başçısı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarı 80 illik yubileyi münasibətilə təbrik edib.

   Təbrik məktubunda yubilyarın görkəmli yazıçı və tanınmış ictimai xadim kimi zəngin yaradıcılığı, fəaliyyəti yüksək qiymətləndirilir. “Sizin istedadlı nasir, publisistdramaturq olaraq çoxəsrlik ənənələrə malik ədəbiyyatımızın daha da zənginləşməsində müstəsna xidmətləriniz vardır. Daim rəğbətlə qarşılanan səhnə əsərləriniz və dahi şəxsiyyətlərimizin ömür yolunu özünəməxsus parlaq boyalarla canlandıran kinossenariləriniz şöhrətinizi daha da artırmışdır. Dilimizin saflığının qorunması uğrunda mübarizə yaradıcılığınızın mühüm istiqamətlərindən birini təşkil etmişdir. Xalqımızın böyük sənətkarlarının övladı olmaqla yeni tarixi şəraitdə azərbaycançılıq məfkurəsinin inkişafında xidmətləriniz danılmazdır. Ümidvaram ki, ölkəmizin mədəni-ictimai həyatında bundan sonra da fəal iştirakınızla gənc ədəbi nəslin milli ideyalara bağlılıq ruhunda yetişməsi üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz”, - deyə təbrikdə vurğulanır.  

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.2.