İpək Yolu boyunca iqtisadi və mədəni əməkdaşlıq

 

   Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilib

  

   Martın 13-də Bakıda “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolumövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Milli Məclisi və ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupu tərəfindən təşkil edilib.  

   Konfransın moderatoru Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev diqqətə çatdırıb ki, ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılıb və 22 ölkəni bir araya gətirir.

   Milli Məclis sədrinin müavini, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, Azərbaycanın İpək Yoluna Dəstək Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etməsi təsadüfi deyil. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir. O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmi haqqında danışaraq bunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu deyib. Bahar Muradova bildirib ki, ATƏT Parlament Assambleyasının sədri Georgi Sereteli Bakı konfransının mühüm əhəmiyyət kəsb etdiyini, iqtisadi, humanitar sahələrin ATƏT üçün önəmli sahələr olduğunu deyib: “İpək Yolu bizim üçün çox önəmlidir. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunlar xalqlarımızın inkişafı baxımından əhəmiyyət kəsb edən şəhərlərdir”.

   Monteneqro parlamentinin sədri İvan Brayoviç İpək Yolunun ölkəsi üçünmühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Tarix bizə öyrədir ki, körpüləri tikməzdən əvvəl insan öz daxilində də bir körpü yaratmalıdır. Bu da dostluq körpüsü olmalıdır”.

   Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, İpək Yoluna Dəstək Qrupunun iştirakçılarının sayı daha da arta bilər. Bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır. Nazir bildirib ki, Azərbaycan dövlətlərarası dinc münasibətlər və iqtisadi əməkdaşlıq öhdəliyi ruhu ilə ticarət dəhlizlərini və nəqliyyat infrastruktur layihələrini təşviq edir.

   Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar bildirib ki, ölkəsi siyasiiqtisadi cəhətdən İpək Yolu marşrutunu dəstəkləyir. Monqolustanın dənizə çıxışının olmaması və bu marşrutdan istifadə etməsi onun üçün yaxşı imkanlar yaradır.

   Konfrans işini “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”, “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzularında panel iclasları ilə davam etdirib.

   “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” mövzusunda üçüncü panel iclası Avstriyanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Reinhold Lopatkanın moderatorluğu ilə keçib.

   İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən islahatlar barədə danışıb. O, Azərbaycanda belə beynəlxalq tədbirlərin keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrin ölkəmizin dünyada nüfuzunu daha da artırdığını vurğulayıb. Əbülfəs Qarayev, həmçinin vurğulayıb ki, bu cür beynəlxalq konfranslar ölkələr arasında etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanın mədəni əlaqələr, dini tolerantlıq baxımından digər ölkələr üçün nümunə olduğunu bildirib.

   Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sergey Sirbu, Bolqarıstanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Desislava Atanasova və digərləri çıxış edərək ölkələr arasında qarşılıqlı dialoqa əsaslanan mədəni mübadilənin həyata keçirilməsinin önəmindən danışıblar.

   Beynəlxalq konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunub.

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.2.