Tvinninq layihəsi muzeylərarası əməkdaşlığa da imkanlar açır

 

 

   Mədəniyyət və turizm naziri "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşüb

  

   Martın 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın və İtaliyanın müvafiq nazirliklərinin iştirakı ilə həyata keçirilən Tvinninq layihəsi çərçivəsində Turin şəhərində fəaliyyət göstərən "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüşüb.

   Görüşdə Azərbaycan və İtaliya muzeyləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin təşkili müzakirə edilib.

   E.Pagella Bakıda olduğu müddətdə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi ilə tanış olduğunu, səfər proqramından məmnuniyyətini ifadə edib və əməkdaşlığa dair müvafiq təkliflərini bildirib.

   Nazir Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində aparılan fəaliyyətlər barədə məlumat veribnazirlik tərəfindən yeni təkliflərin həyata keçirilməsinə dair görülən işlər haqqında danışıb. O, həmçinin İtaliyanın və Azərbaycanın ən yaxşı təcrübələri əsasında qarşılıqlı əməkdaşlığın qurulmasını dəstəkləyib və müvafiq sahələr üzrə layihələrin, o cümlədən tədris proqramlarının, araşdırma işlərinin, müxtəlif səpkili sərgilərin və ikitərəfli mədəni tədbirlərin təşkilini tövsiyə edib.

   Sonda E.Pagella Azərbaycan nümayəndə heyətini Turin şəhərində yerləşən muzeyləri, restavrasiya mərkəzlərini və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.

   Qeyd edək ki, Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi tərəfindən 2016-cı ildən icra olunur.

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.4.