Səma məclisi və ya tənha dərvişin həyat hekayəsi

 

   Martın 12-də Akademik Milli Dram Teatrında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimiyə ithafvokal-xoreoqrafik tamaşası nümayiş olundu.

   Cahil zahidlərin fitvasından dərisi başdan ayağa soyulan İmadəddin Nəsimi. 600 il öncə baş verən insanlıq əleyhinə, daha doğrusu, azad düşüncəyə qarşı törədilən cinayət. Məhz insanları kamilliyə səslədiyi üçün, insanın qüdrətinə inandığına görə qanına qəltan edilsə də, mütəfəkkir şair ölümün gözünə dik baxdı. Hətta ölümü ilə onu öldürənləri öldürdü, əfsanələşdi...

   Altı əsrdir ki, böyük şairin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Bu mərd insanın faciəli ölümü şairlərin şeirində, aşıqların sazında tərənnüm edilir, dillərdə dolaşır. Çünki Nəsimi öz mütərəqqi fikirlərini yüksək poetik dillə ifadə etməyi bacaran qüdrətli bir sənətkardır.

   Keçmişdən bu günə Nəsimi haqqında çox yazılıb, çox deyilib. Ona irihəcmli bədii əsərlər həsr edilib, haqqında filmlər çəkilib, abidələr ucaldılıb. Şairin xatirəsinə həsr edilən musiqi isə XXI əsrdə onun bəşəri amallarını bir daha bütün dünyaya bəyan edir.

   * * *

   Bakı premyerasından əvvəl Parisdə, UNESCO-nun mənzil-qərargahında nümayiş olunan “Nəsimiyə ithaf” əsəri ölməz şairin dühasının hüdudsuzluğunu beynəlxalq aləmə izhar etmişdi. UNESCO səhnəsindən dünyanın diqqətini Nəsimiyə yönəltməklə müəllif həm də Azərbaycan mədəniyyətinin, müasir musiqi, balet sənəti və muğamın ecazkarlığını göstərmişdi. Əsərdə qeyri-ənənəvi musiqi ilə muğam birləşərək insan əzabının ifadəsinə çevrilir.

   Qərb və Şərq musiqisinin incəliklərini dərindən bilən bəstəkar milliliyi böyük peşəkarlıqla qoruyub klassik ənənələrlə bir araya gətirərək mükəmməl bir ortaya çıxarıb. “Dərviş” və “Muğamsayağı” musiqi əsərlərinin vəhdətindən yaranan “Nəsimiyə ithaf” görkəmli şairin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncələri səhnədən tamaşaçıya ötürür.

   Vokal-xoreoqrafik tamaşada da biz Nəsiminin insanlıq sevgisinə şahid oluruq. Onun bəşəriyyətə olan sevgisini heç bir şər qüvvə qəlbindən çıxara bilmir. O, son nəfəsinədək mübarizə aparır...

   Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını Akademik OperaBalet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov ifa edir. Performansın muğam hissələrini xanəndə, Əməkdar artist Teyyub Aslanov təqdim edir. Beş rəqqasın çıxış etdiyi əsərdə əsas hadisələr Nəsimi obrazının ətrafında cərəyan edir. Onun həyatını xeyir şər qüvvələr əhatə edir onlar səhnədə iki qadın iki kişi ifaçı vasitəsilə təqdim olunur.

   Tamaşada şairin düşüncələri və yaradıcılıq ilhamı, işıqlı ideallar uğrunda mübarizəsi, haqsızlıq, ədalətsizlikdən çəkdiyi əzablar öz əksini tapıb. Bütün bu rəngarəng duyğular səhnədə musiqi və rəqsin dili ilə təcəssüm olunur. Xanəndənin səsləndirdiyi qəzəllər isə tamaşaya xüsusi ab-hava bəxş edir.

   “Nəsimiyə ithafvokal-xoreoqrafik tamaşası paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Bunu salonda əyləşən əcnəbi tamaşaçıların “bravo, bravo” nidalarından da duymaq mümkün idi.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.5.