Muğam bilicilərinin daha bir Bakı görüşü başa çatdı

 

   “Hər dəfə buraya gələndə yeni tanışlıqlar və yeni ideyalar qazanırıq”

  

   Martın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Muğam aləmi”

   V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq elmi simpoziuma yekun vuruldu.

   AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək diqqətə çatdırdı ki, martın 7-də işə başlayan simpoziuma Azərbaycan alimləri ilə yanaşı, Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran, Qazaxıstan və Özbəkistandan da mütəxəssislər qatılıb. Bu müddətdə beynəlxalq simpioziumun Bakıda "Muğam Şərq lad sisteminin milli interpretasiyaları", "Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya", "Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi", “Muğam yaradıcılığı elm və sənətin qovşağında", "Muğamın inkişaf yolları - tarixmüasirlik", Gəncədə isə "Azərbaycan muğamının konseptual mahiyyəti, dilritmik özəllikləri" mövzularında bölmə iclasları təşkil olunub.

   Bildirildi ki, bölmə iclaslarında sözügedən mövzularda səmərəli müzakirələr aparılıb və təqdim olunan elmi məqalələrdən ibarət kitab nəşr olunacaq. Simpoziumun uğurla başa çatdığını vurğulayan akademik bütün iştirakçılara növbəti festivallarda görüşmək ümidi ilə səmərəli fəaliyyət arzuladı. Simpoziumun son günü bölmə rəhbərlərinin hesabat məruzələri ilə davam etdi. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, onun rəhbərliyi ilə keçən "Muğam - makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi" mövzusunda bölmə iclasında yerlixarici mütəxəssislərin iştirakı ilə 9 məruzə dinlənilib. Bölmə rəhbəri muğamşünaslığın mükəmməl bir elmə çevrildiyinibu gün dünyada muğam sahəsində çoxsaylı araşdırmaların aparıldığını vurğuladı.

   AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli bildirdi ki, "Muğam Şərq lad sisteminin milli interpretasiyaları" və "Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya" mövzusunda bölmə iclaslarında dinlənilən məruzələr muğam sənətinin, eyni zamanda milli mədəniyyətimizin inkişafına müsbət təsir edəcək. O, simpozium materiallarının elektron formatda internetdə yerləşdiriləcəyini diqqətə çatdırdı.

   AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Muğam yaradıcılığı elm sənətin qovşağında", "Muğamın inkişaf yolları - tarix müasirlik" mövzusunda dinlənilən məruzələrdən, onların əhəmiyyətindən danışdı. AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Gəncə şəhərində keçirilən "Azərbaycan muğamının konseptual mahiyyəti, dil ritmik özəllikləri" mövzusunda bölmə iclası haqqında məlumatı da dinlənildi.

   Tədbir iştirakçıları simpoziumun əhəmiyyətindən söz açdılar, gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər.

   * * *

   Beynəlxalq simpoziumun bir neçə qonağının təəssüratını da öyrəndik.

  

   Yanoş Şipoş (Macarıstan Elmlər Akademiyası Mifologiya İnstitutunun professoru):

   Azərbaycanda keçirilən beynəlxalq muğam festivalı biz mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edir. Mən Azərbaycan muğamından bəhs edən kitabın, həmçinin Qarabağ muğam sənəti üzrə məqalələrin müəllifiyəm. Simpoziumda iştirakımdan məmnun qaldım. İnanıram ki, bu festival muğam elminin daha da geniş araşdırılması istiqamətində öz töhfələrini verəcək. Festivalın açılışı, onun zövqlə tərtib edilməsi, keçirilən konsertlər mənə güclü təsir bağışladı. Festivalın ənənəvi tədbiri olan simpozium isə artıq dünya musiqişünaslarının diqqət mərkəzindədir.

  

   Ravşan Yunusov (Özbəkistan Dövlət Konservatoriyasının professoru):

   Bu gün burada olmağıma çox şadam. Bilirsiniz ki, muğam özbək xalqının da həyatının ayrılmaz tərkib hissəsidir. Özbəkistanda uzun illərdir muğam festivalı keçirilir. Lakin məhz bu ildən ölkə rəhbərinin sərəncamı ilə muğam sahəsinin araşdırılması ilə bağlı qərar qəbul edilib. Bu, biz alimlər üçün böyük imkanlar açır. Azərbaycan muğamı bizə yaxşı tanışdır sizin ölkədə muğam sənətinə olan diqqəti yüksək dəyərləndirirəm.

  

   Aleksandr Xaruto (P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti, Rusiya):

   Bakıda keçirilən simpoziumda ilk dəfə deyil ki, iştirak edirəm. Budəfəki məruzəm “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya" mövzusunda oldu. Hər dəfə bura gələndə yeni tanışlıqlar və yeni ideyalar qazanırıq. Elmi müzakirələr məşğul olduğumuz sahə üzrə daha da geniş bilgilərə malik olmağımıza şərait yaradır. Beynəlxalq Muğam Mərkəzinin binasını, simpoziumun keçirildiyi Mərkəzi Elmi KitabxanaMilli Konservatoriyanı da çox bəyəndim. Muğam konsertləri, Azərbaycan musiqisindən aldığımız zövq isə bir başqadır.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 14 mart.- S.8.