“Qəzəl mülkünün sultanı”

 

   Türk dünyası öncülləri” layihəsində Əlişir Nəvai anıldı

  

   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ötən il başlananTürk dünyası öncülləri” layihəsi ənənə halını alıb. Martın 12-də yeddincisi düzənlənən layihə çərçivəsində böyük özbək şairi Əlişir Nəvai anıldı.

   TÜRKSOY-un Ankaradakı qərargahında düzənlənən konfransda qurumun baş katibi Düsen Kaseinov, Özbəkistanın Ankaradakı səfiri Əlişir Aqzamkacayev, millət vəkili Mustafa İsen, UNESCO üzrə Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuz, türkdilli respublikalardan tanınmış alimlər, yazar, sənətçi, media nümayəndələri və tələbələr iştirak edirdi.

   Tədbirdə açılış nitqi söyləyən baş katib Düsen KaseinovTürk dünyası öncülləri” layihəsinin məramını diqqətə çatdırdı: “TÜRKSOY quruluşundan bu yana ortaq mədəniyyətimizə xidmət etmiş, bizlərə ölməz əsərlər miras qoymuş dəyərli şəxsiyyətlərin anılması və gələcək nəsillərə tanıdılması ilə bağlı fəaliyyətə böyük önəm verməkdədir. Hər il biz Türk dünyasının görkəmli şəxsiyyətlərinin adına anım ili elan edir, panellər, konsertlər, festivallarla bu insanları xatırlayırıq”.

   Vurğulandı ki, bu layihə də eyni məqsədə xidmət edir: Bugünkü tədbirimizin də “Qəzəl mülkünün sultanı” kimi şöhrət qazanmış böyük özbək şairi Əlişir Nəvainin Türk dünyası üçün əhəmiyyətini və türk şeir sənətinə qazandırdıqlarını anlamaq üçün faydalı olmasını arzu edirəm”.

   Özbəkistan səfiri Ə.Aqzamkacayev Türk dünyasının ortaq dəyəri, şair, mütəfəkkir və dövlət xadimi Ə.Nəvainin şərəfinə düzənlənən tədbirdən məmnunluğunu dilə gətirdi və TÜRKSOY-a təşəkkür etdi. Nəvainin həyat və yaradıcılığından bəhs edən səfir dahi şairin irsinin özəlliklə türk dilinə verdiyi önəmə görə nəsildən-nəslə qürur vəsiləsi kimi ötürüldüyünü, yazdığı qəzəllərin günümüzdə də dildən-dilə yayıldığını vurğuladı.

   Türkiyənin millət vəkili Mustafa İsen şairin böyük söz ustadı və dövlət adamı olaraq fəaliyyətini diqqətə çatdıraraq “Türk dili və ədəbiyyatının etibar qazanması Nəvai ilə başlamışdır. Əgər dünyada beş nəfərlik dahilər siyahısı hazırlansaydı, bu siyahıya daxil olacaq iki adamdan biri mütləq Əlişir Nəvai olacaqdı” - deyə bildirdi.

   Açılış nitqlərindən sonra Əlişir Nəvainin həyatından bəhs edən film göstərildi.

   Sonra konfrans panel iclası ilə davam etdi. Paneldə Türk dünyasının müxtəlif ölkələrindən alimlər - Əlişir Nəvai Universiteti Dil ədəbiyyat fakültəsinin müəllimi Nodirbek Jurakuziyev, Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Oras Sapaşev, Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun əməkdaşı Tulay Köseoğlu, İstanbul Aydın Universiteti Yaxın Orta Şərq Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Kamil Vəli Nərimanoğlu məruzələrlə çıxış etdilər. Məruzələrdə Ə.Nəvainin həyatı, şeirləri digər əsərləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, mütəfəkkir şair yalnız Özbəkistanın deyil, Türk dünyasının ortaq dəyəridir.

   Konfrans çərçivəsində özbək tələbələrin ifasında Əlişir Nəvainin şeirləri səsləndi. Ozan Mehmet Sabir Karger tərəfindən isə şairin sözlərinə bəstələnən mahnılar ifa edildi. Tədbir ödül törəni ilə başa çatdı.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.-2018.- 14 mart.- S.10.