Bəhruz Kəngərli məktəbinin davamçısı

 

   XX əsr Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələri arasında Şamil Qazıyevin də adı çəkilir. O, maraqlı rəsm əsərləri ilə yanaşı, sənətin sirlərinin gənclərə öyrədilməsinə də öz töhfəsini verib. Bu il sənətkarın anadan olmasının 110 ili tamam olur.

   Şamil Həsən oğlu Qazıyev 30 mart 1908-ci ildə Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzi olan İrəvan şəhərində müəllim ailəsində dünyaya göz açıb. Şamil 7 yaşında ikən valideynləri Naxçıvan şəhərinə köçür. O, erkən çağlardan rəsm çəkməyə maraq göstərir. Görkəmli rəssam Bəhruz Kəngərlinin əsərlərinə daha çox maraq göstərir. Orta təhsilini başa vurduqdan sonra Naxçıvan Pedaqoji Texnikumuna qəbul olunur. Ancaq təsviri sənətə olan marağı üzündən burada təhsilini yarımçıq qoyur. Bakıya gələrək Rəssamlıq Məktəbinə daxil olur. 1929-cu ildə təhsili başa vurub təyinatla Naxçıvan Pedaqoji Texnikumuna rəsm müəllimi göndərilir.

   O, pedaqoji fəaliyyətlə yanaşı, Naxçıvan teatrı ilə də əməkdaşlıq edirdi. Rəssam xatirələrində bu haqda yazır: “1932-ci ildə rejissor Yusif Ulduzun quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulmuş "Hamlet" əsərinə tərtibat verdim. Lakin o vaxt mən teatrda həvəskar kimi iştirak edirdim. 1934-cü ildə Xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə dəvət etdi”. Araşdırmalarda göstərilir ki, rəssam Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuş 100-dən çox səhnə əsərinə bədii tərtibat verib.

   Ş.Qazıyevin fitri istedadına, yaradıcılıq fantaziyasına yaxından bələd olan görkəmli karikaturaçı rəssam Əzim Əzimzadə onuKommunist” qəzetində işləməyə dəvət edir. Həmin dövrdə Ə.Əzimzadə qəzetin redaksiyasında baş rəssam işləyirdi. Ş.Qazıyev Bakıda fəaliyyətə başlasa da, burada uzun müddət işləmir. Naxçıvana qayıdır, teatrın baş rəssamı vəzifəsinə irəli çəkilir. Tamaşalara verdiyi bir-birindən maraqlı bədii tərtibatlarla seyrçilərin zövqünü oxşayır.

   Bu dövrdə bir çox sərgilərin iştirakçısı olan Ş.Qazıyevin 1931-ci ildə Tiflisdə keçirilən sərgidə nümayiş etdirilən “Çobanportreti mütəxəssislər tərəfindən xüsusilə bəyənilmişdi. Həmin əsər Moskvada Tretyakov Qalereyasında da nümayiş etdirilir. Rəssamın “Biçinçilər”, “Xırman”, “Molla məktəbi”, “Qalayçılar”, “Su dəyirmanı”, “Çörəkbişirən qadınlar”, “Köhnə Naxçıvan”, “Qaçqınlar”, “Çarıqçılar”, “Dağların simfoniyası” və digər əsərləri diqqətəlayiq sənət nümunələridir.

   Sənətkar eyni zamanda Naxçıvanda gənc rəssamlar nəslinin yetişməsi üçün addımlar atır. Vaxtilə bəhrələndiyi Bəhruz Kəngərli rəssamlıq ənənələrinin yaşadılması üçün Ş.Qazıyevin təşəbbüsü ilə 1940-cı ildə Naxçıvan şəhərində Rəssamlıq məktəbi açılır və rəhbərlik ona həvalə olunur. Yaradıcılığı yüksək qiymətləndirilir, muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.

   Ş.Qazıyev 1948-ci ildə yenidən Bakıya gəlir və otuz ilə yaxın “Azərbaycan gəncləri” qəzetində rəssam olaraq çalışır. İllər sonra, 1979-cu ildə Naxçıvanda fərdi sərgisi açılır, əsərləri yenə böyük maraqla qarşılanır. Həmin sərgi haqqında o dövrün mətbuatı belə yazırdı: “Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır”.

   Şamil Qazıyev 13 iyul 1980-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.-2018.- 14 mart.- S.12.