Pakistanda yubileylə bağlı musiqi axşamları

 

   Pakistanın Lahor şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçirilib.

   Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pakistanın ikinci böyük şəhəri və Pəncab əyalətinin mərkəzi olan Lahorda qeyd edilməsinin əlamətdar hadisə olduğunu bildirib, iki ölkə xalqları arasında tarix boyu sıx əlaqələrin, mədəni yaxınlığın və ortaq bağların olduğunu qeyd edib. Diplomat Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu söyləyib.

   Tədbirdə çıxış edən Pəncab əyalətinin maliyyə naziri xanım Aişə Paşa Pakistan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. O, Azərbaycanın musiqi qrupunun Pəncab əyalətinin Lahor şəhərinə gəlməsinin böyük məmnunluq hissi yaratdığını bildirib, Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab əyalətinin Baş naziri və hökuməti adından Azərbaycan xalqını təbrik edib.

   Çıxışlardan sonra Əməkdar artist Mübariz Əsgərovun, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Televiziyasının solisti Nigar Şabanovanın ifalarında xalq və bəstəkar mahnıları, klassik musiqilər səslənib.

   * * *

   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan növbəti musiqi gecəsi Pakistanın paytaxtı İslamabadda keçirilib.

   Səfir Əli Əlizadə tədbirdə çıxış edərək qədim tarixə və zəngin mədəniyyətə malik olan, böyük mütəfəkkirlər və incəsənət xadimləri yetişdirən Azərbaycanın dövlət quruculuğu barədə məlumat verib, müsəlman Şərqində ilk teatrın və operanın məhz Azərbaycanda yarandığını qeyd edib. Multikulturalizm ölkəsi sayılan Azərbaycanın bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdiyini bildirən diplomat Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı”, Qəbələ şəhərinin 2020-ci il üçünİslam dünyasının turizm paytaxtı” elan olunduğunu bildirib.

   Pakistan Baş nazirinin hüquqi məsələlər üzrə xüsusi köməkçisi, dövlət naziri Zəfərulla Xan Azərbaycanın tarixən böyük dahilər, filosoflar yurdu olduğunu qeyd edib. O, dünya ədəbiyyatı və fəlsəfəsi tarixinə öz möhürünü vurmuş Nizami Gəncəvinin yalnız Azərbaycanda deyil, eyni zamanda, Mərkəzi və Cənubi Asiyada da sevilə-sevilə oxunduğunu bildirib. Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran dövlət naziri möhkəm təməllər üzərində bərqərar edilmiş Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

   Sonra Azərbaycan sənətçiləri musiqi proqramı ilə çıxış ediblər. Pakistanın musiqi qrupları da öz ifalarını təqdim ediblər.

 

Mədəniyyət.-2018.- 14 mart.- S.15.