Almaniyanın turizm bazarı ölkəmiz üçün Avropada prioritet istiqamətlərdəndir

 

   Gələcəkdə bu ölkədə turizm imkanlarımızın təbliği məqsədilə bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 14-də Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

   Nazir qonaqları salamlayaraq Almaniya ilə Azərbaycan arasında turist mübadiləsindən, qarşılıqlı turist axınının artırılmasının vacibliyindən söz açıb. Qeyd edib ki, ölkəmizə turistlərin cəlb olunması, turizm potensialının təbliği məqsədilə 2014-cü ildən nazirliyin Almaniyada turizm nümayəndəliyi fəaliyyət göstərir.

   Əbülfəs Qarayev Almaniyanın turizm bazarının ölkəmiz üçün Avropada prioritet istiqamətlərdən biri olduğunu, Berlində keçirilən “İTB Berlin” sərgisində ölkəmizin hər il iştirak etdiyini, 2013-cü ildə sərginin rəsmi tərəfdaşı olduğunu diqqətə çatdırıb. Bildirib ki, sərginin təşkilat komitəsi ilə mütəmadi danışıqlar aparılır və gələcəkdə ölkəmizin turizm potensialının təbliği məqsədilə bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır.

   Həmçinin, dövlət tərəfindən elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Vizasisteminin yaradılmasının turistlərin sayının artımında mühüm rol oynadığı vurğulanıb.

   Fəxri konsul Otto Hauser Azərbaycanın turizm potensialının təbliği məqsədilə Almaniyada keçirilən sərgilərdə iştirakının əhəmiyyətini qeyd edib. O, Ştutqart şəhərində keçirilən “CMT” beynəlxalq turizm sərgisində gələcək illərdə ölkəmizi rəsmi tərəfdaş qismində iştiraka dəvət edibbildirib ki, bu, turist artımına müsbət təsir göstərə bilər. Fəxri konsul bu il “CMT” sərgisində 280 mindən çox adamın iştirak etdiyini və iştirakçılar arasında keçirilmiş sorğuya əsasən ölkəmizə marağın yüksək olduğunu deyib.

   Nazir vurğulayıb ki, Azərbaycan Almaniyadan turistlərin cəlb olunmasında maraqlıdır və ölkəmizdə bunun üçün turizmin müxtəlif növləri inkişaf etməkdədir. Eyni zamanda qeyd olunub ki, almaniyalı turistlərin Azərbaycana səfəri üçün ən başlıca səbəblərdən biri kimi ölkəmizdə vaxtilə mövcud olmuş alman yaşayış məskənləri, bununla bağlı qorunub saxlanılan tarixi irsdir.

   Sonda qonaq səmimi qəbula görə minnətdarlığını ifadə edib.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.5.