Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd edilib

 

   Martın 14-də Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunan mərasim keçirilib. Mərasimdə dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə heyətinin üzvləri, media təmsilçiləri iştirak ediblər.

   Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib. Mətbuat Şurasının milli mətbuatımızın müasir inkişafına dəyərli töhfələr verdiyini vurğulayan Əli Həsənov deyib: “Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildibu qurultayda Prezident İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilib. Məktubda Azərbaycan cəmiyyətində media-dövlət, media-vətəndaş münasibətlərinin formalaşmasında, media mənsubları ilə ayrı-ayrı subyektlər arasındakı münasibətlərin sivil normalarının bərqərar olmasında Mətbuat Şurasının rolu qeyd edilib. Ötən müddətdə mətbuatın özünütənzimləmə mexanizminin, o cümlədən jurnalistlərin əxlaq kodeksinin yaradılması və media nümayəndələri arasında təbliği işində Mətbuat Şurasının fəaliyyəti təqdirəlayiqdir”.

   Prezidentin köməkçisi vurğulayıb ki, Mətbuat Şurası cəmiyyətimizdə, jurnalist ictimaiyyətində, bu quruma müraciət edən ayrı-ayrı vətəndaşlar arasında, həmçinin dövlət qurumları arasında nüfuz qazanıb.

   Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında qeyd edib ki, Şura son 15 ildə Azərbaycanda sözfikir azadlığının inkişafında böyük rol oynayıb. Yarandığı gündən indiyədək Şuraya 12 mindən çox şikayətin daxil olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, Şura bütün bu şikayətləri araşdırıb və lazımi qiymət verilib. Vurğulanıb ki, Azərbaycan dövləti Mətbuat Şurasına daim dəstək verib, qurum fəaliyyət üçün hər cür şəraiti olan ofislə təmin edilib. Şuranın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifləri dövlət tərəfindən dəstəklənib.

   BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Mətbuat Şurası 15 il ərzində böyük inkişaf yolu keçib. BMT Azərbaycanda müstəqil medianın inkişafında maraqlıdır. O, BMT-nin Ərzaq Fondu ilə Mətbuat Şurası arasında yeni bir layihənin başlandığını deyib. Bu əməkdaşlıq çərçivəsində azərbaycanlı jurnalistlərə təlimlər keçiriləcək.

   Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Mətbuat Şurası yarandığı gündən bizim qurumla sıx əməkdaşlıq edir. Mətbuat Şurası bizim uğurlu tərəfdaşımızdır.

   Qocaman jurnalist, professor Şirməmməd Hüseynov çıxışında Azərbaycan mətbuatının tarixindən danışıb. Ölkəmizdə mətbuata xüsusi dövlət qayğısının olduğunu deyən Ş.Hüseynov məhz həmin qayğının nəticəsində bu sahədə xeyli nailiyyətlərin qazanıldığını vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini, bu tarixin hamımız üçün qürur mənbəyi olduğunu vurğulayaraq əminliyini ifadə edib ki, dövlətimiz gücləndikcə, müstəqilliyimiz möhkəmləndikcə mətbuat sahəsində uğurlarımız da davamlı olacaq.

   Sonra Mətbuat Şurasının 15 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

   Mərasimdə Mətbuat Şurasının 2010-cu ildə təsis etdiyi Ali media mükafatı 3 dərəcə üzrə 2017-ci ilin laureatlarına təqdim olunub.

   Tədbir konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.7.