SÖZün özü, gözü, közü...

 

 

   Qədim Türkün bütün zamanlara işləyən Söz möhürü, hikmət boxçası Yunus Əmrə

  

   Ucsuz-bucaqsız etnodünyamızın islamiyyətiqəbul sonrası Türkün “pərakəndə” ədəbiyyatında milli ruhun daha çox sezildiyi yeniliklər müşahidə olunmağa başladı ki, gələcək onları; yüksək zümrəviliyi ehtiva edən “klassik - başqa sözlə, “divan” ədəbiyyatı”, “xalq ədəbiyyatı” və bunlararası körpü rolunu oynayan “təsəvvüf ədəbiyyatı” adlandırdı. Əhməd Yəsəvinin 12-ci yüzillikdə Türküstan aləmində bünövrələdiyi təsəvvüfi ədəbiyyatı enilməz zirvəyə qaldıran, əsasən, səslənişlə yaşadılan böyük areallı Türk dilini yazılışa da calayan isə, məhz Yunus Əmrə oldu...

  

   Doğumu Rum sultanlığının dağılması, ümumən Osmanlı xanədanında bəyliklərin yaranması çağlarına təsadüf edən bu sənətkar 1238-ci ildə - adı, qoca tarixin şifahi və yazılı yaddaşında ən çox çəkilən Anadolu elatında (Sarayköy, Milhalıççıq, Əskişəhər) dünyaya gəlib. Öz məsnəvilərinin birində isə: “Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidi idi” yazıb. Bəyazid Dövlət Kitabxanasında tapılmış bir əlyazmadakı qeydə (“Vəfati Yunus Əmrə. Müddəti-Ömür 82 il 720”) görə, Yunus Əmrənin 1240-cı ildə doğulduğu, 1320-ci ildə vəfat etdiyi iddia olunur.

   Ancaq, hər halda, şeirlərinin bəzilərinin “iddia”sına (və bizim tələbəliyimizdə çox zəhmətkeş bir araşdırıcı müəllimimizin şərhinə) görə, bu könüllər sultanı hansısa bir ilin yaz çağında doğulub. Ki: “Hər bir çiçək min naz ilə Öyər Haqqı niyaz ilə, Quşlar da xoş avaz ilə Yaradanımı zikr edər” kimi bahariyyələr yazıb. Başqa bir bəndində isə ulu Qurbaninin fitrətən “özəlləşdirmiş” olduğu yaşılı “bənövşə”nin bir sarışın bacısını nəzmə çəkir:

  

   Sordum sarı çiçəyə

   Boynun nədən əyridir?

   Söylədi ki, ey dərviş,

   Qəlbim Haqqa doğrudur...

   

   Sənədlər bu şair haqda “müdriklər müdriki Hacı Bəktaş Vəli Dərgahında olub dövrün fövqünə qalxdı, “Bizim Yunus” deyimli mənəvi yüksəlişə isə Tapdıq Əmrə Dərgahında yetdi”, “bənzərsiz İNSANçılığa Ustad dərgahında illərlə çalışdığı odunçuluq fəaliyyətilə çatdı” kimi sözlər söyləyir.

   Onun yaşayıb-yaratdığı illər Anadolunun monqol yağmalamaları, daxili çəkişmə, siyasi nüfuzsuzluq, müxtəlif məzhəb-inanc, qıtlıq-quraqlıq pərişanlıqları ilə müşahidələnən dövrə düşüb. Bununla belə, bu müdrikin Tanrı sevgisi, ali əxlaq, məhəbbət, İslam təsəvvüfü və s. kimi mövzuları mənimsəyəcəyi mənbələr də vardı: Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaşi Vəli, Ahi Əvran Vəli...

   Bu çətinliklər hələlik çox adi Yunusu gələcəyin “Bizim Yunus” olqusuna yollayır. Yaxın gələcəkdə: “Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi? Mal da yalan, mülkyalan; var - bir az da, sən də oyan!” - deyəsi bu könlü-gözü tox bəndə Hacı Bəktaşi Vəlinin yanına gedib, əhvalına bir sünbül yazıq-fağırlıq yansıtmadan, üçqat əmək bahasına bir girvənkə buğda istəyir. Bu məğrurluq və ağayanalıqdan çox xoşlanan Hacı Bəktaşi onu dövrün ünlü dərvişi Hacı Tapdıq Əmrə ilə tanış edir və beləliklə, bu saya-sayılmaz Yunus əbədi ömür qazanası ƏMRƏlik dövrünə qədəm qoyur. Bir müddət keçmiş “kandan gəlib məkana üz tutan bir dərvişə” çevrilir. O, dövrün ən yüksək məqamlarından hesab edilən bu görəvə dair “Dərvişlik dedikləri bir əcaib duraqdur, Dərviş olan kişiyə əvvəl dirilik gərəkdür” “hökm”ü vermiş, digər bir şeirində: “Mənzili iraq bu yolun, bu yola kim varası? Müşkülü çoq bu yolun, bunu kim başarası?” sorğusunda bulunmuşdur.

   Tezliklə ustadından daha məşhur Ustad olası bu şəyird şeirlərinin birində yazacaqdı: “Haqdan enən şərbəti içdik, əlhəmdülillah, Şol qudrət dənizini keçdik, əlhəmdülillah, Tapdığın tapusunda qul olduq qapısında, Yunus, miskin çiy idik, bişdik, əlhəmdülillah!..

   Yaradıcılığının zirvələşən çağlarında təsəvvüf fəlsəfəsi meydanlarında ciddi ixtilaf yaradan “Ənəlhəqq” fəlsəfəsini bütünlüklə qəbul edən şair zaman-zaman: “Ətə, kəmiyə büründüm, Yunus deyə, göründüm”, “Mən gəlmədim dava üçün, Mənim işim sevda üçün, Dostun evi könüllərdir, Könüllər yapmağa gəldim” kimi poetik himnlər söylədi.

   Bu möhtəşəmin tək elə şeiriyyəti yox, özündən sonrakı azman qövmdaşlarından birinin sözü (“Mən bu cahana sığmazam”) olmasın, məzarı da Turanasığmaz olub ki (Sarıköy, Qaraman, Bursa, Ağsaray-Rəşadiyə, Ünyə məkanları, Manisa-Kulanın Əmrə, Ərzurumun Dutçu kəndləri, Spartanın Gönən, Afyonkarahisarın Sandıqlı, Toqatın Niksar ilçələri, “Kirişçi Ata Məscidi”nin həyəti, Sivas yaxınlığında bir yolun üstü...), onlardan biribizim Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı. Sabiq Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycan səfərlərindən birində Oncallı kəndinə yollanaraq, Yunus Əmrənin (və bu “məsələ”də eyni taleli Tapdıq Əmrənin) məzarını ziyarət etməsi faktı bu böyük Türk ermişinə xalq sevgisinin bir təzahürü olan çoxsaylı “məzar əfsanələri” içərisindəki reallığı daha çox, Azərbaycan saldosuna meylləndirir...

  

   Şəriət, təriqət yoldur - varana

   Mərifət, Həqiqət ondan içəri.

   Məni məndən sorma, məndə deyiləm,

   Bir mən vardır məndə, məndən içəri...

  

   Deyirlər, Azərbaycanın millət şairi Bəxtiyar Vahabzadə bu laməkan və... “laməzar”ın bu şeirini beş-altı il sonra ikinci dəfə oxuyarkən, çox təəssüf-təəccüblənib ki, niyə bu misralara öz poetik münasibətini bildirməyib. Və yazıb:

  

   Hər gün qazılır çünki könüllərdə məzarı,

   Otlarda, çiçəklərdə və güllərdə məzarı,

   Əfsanəmi, gerçəkmi, bu insan necə insan,

   Varlıq səsidir, qopmuş o, Türkün qopuzundan!..

  

   Böyük Türk dünyası türkcəsinə aid şeiriyyətin Anadolu qolu banilərindən biri, Ortaçağdan bəri ədəbiyyat-sənət seçkinləri tənqidçilərinin “Tanrı səsi, könüllər sultanı”, “paki-saf sufi”, “İslam filosofu”, “mütəfəkkir Türk ərəni”, “təsəvvüf xalq şairi” kimi deyimlərlə qiymətləndirdiyi, 750 illiyi UNESCO tərəfindən dünyəvi təntənə ilə qeyd olunan, 1992-ci ildə “Güldəstə” adlı kitabı (türkcədən dilimizə uyğunlaşdırılaraq) bizim “Yazıçı” nəşriyyatında çap edilən bu bənzərsiz Söz Adamının həyat-yaşam aləmi hələ çoxçalarlı bir “qaranlıq”da qalmışsa da, dür-düşüncə, şeir-sənət dünyası -

   

   Aydından aydın...

  

   Yəni, çoxbudaqlı Türk ədəbiyyatının binə-bünövrə nümayəndələrindən sayılan, yalnız xalq təkkə poeziyasına deyil, əruz heca vəznlərində mükəmməl nümunələrilə divan şeirinə təsir etmiş ( özü sanballı bir Divan yaratmış) bu böyük Aşiqin təxəllüsüƏmrə”) elə “aşiq”lik məna-məramını çalarlayır; Anadolu dialektində işlənən “imrəmək”, “imrənmək” feilləri hansısa bir canlı-cansızı çox sevmək, qibtə etmək, həddən ziyadə istəmək anlamlarının cəmini ifadə edir. O bu ada xeyli tanıq-təyinlərdən sonra yetişmişdi: “Yunus”, “Qul Yunus”, “Aşıq Yunus”, “Miskin Yunus”, “Dərviş Yunus” nəhayət, Yunus Əmrə. Yuxarıda, həyat-yaşam çizgilərini qara “qaranlıqlar” ifadəsilə “eskiz”lədiyim bu sənətkarla bağlı bir-birini zəncirvariləyən rəvayətlər, Anadolu məkanlı soydaşlarından biri demişkən; “Haqq Aşiqi mərtəbəsinə yüksəldən şeirləri” onun kimliyini bütün kamilliyilə bəyan edir.

   Bu sözümə əlavə olaraq, həmin şeirlərin onu bütün dərinlik incəliklərilə açmaladığını qeyd etməmək qeyri-mümkün!

   Hər misrası Allah eşqi çağladan, insan sevgisi andıran, hər bəndinin alt-məna zatından üst-anlam qatına səpsərin duyğu çeşməsi qaynadan bu şair, öz dünyadaşlarına poetik ismarışlar da edirdi. Bu aqilə görə, bu dünya elə bir bazardır ki, hər kəs burada öz qanacaq-qabiliyyət vəsaitilə alver edib, “məzar-evinə” dönür. İnsan həyatını “səhər çıxıb, axşam batan günəş”ə bənzədən Haqq aşiqi deyirdi:

   

   Ana rəhmindən gəldik bazara;

   Bir kəfən aldıq, döndük məzara!

   

   Bu dahinin əksər misralarında Allaha eşq nuru oxucu-dinləyici qəlbinə gur çeşmələrtək püskürür. Məsələn, Haqq dünyaya fani dünyadan məlum “mal-mülksüz” köçümlə bağlı söylədiyi bu ruhtitrədici misralara baxaq:

   

   Yalançı dünyaya aşiq köçənlər,

   söylərlər, bir xəbər verərlər!

  

   Kimisi bəzirgan, kimisi xoca,

   Əcəl şərbətini içmək güc a!

   Kimi saqqallı, kimi pir qoca,

   söylərlər, bir xəbər verərlər!..

  

   Bir çox təsəvvüfçülər kimi, Əmrə bədənin fani, ruhun əbədi olduğunu bəyan edirdi yaradıcılığında. Bəzi gülünclərin “elmsiz şeirçi”lər sırasında xatırlayıb-güldüyü bu şair insanın xarakter xəmirinin kainatın dörd (torpaq, su, hava, od) ünsüründən yarandığı inamında idi:

 

   Məna axtar bu yolda

   Məna duyan könüllər,

   Tən fanidir, can ölməz,

   Ölsə - təklənər ölər...

  

   Əsasən heca vəznində yazıb-yaratmış bu şairin hətta əruz nümunələrində belə aşıq deyim-duyumları hiss edilir. Üslub baxımından, böyük xələfi Füzulinin “Məni candan usandırdı” qəzəlilə səsləşən nümunəsinə diqqət yetirək:

  

   Uyqudan gözüm oyandı,

   oyandı - qana boyandı,

   Yandı şol yürəgim, yandı,

   neçin ağlarsın, bülbül, hey?

  

   Deyirlər, indinin minbir aşıqlı-şairli Anadolusunun yardan yanıqlı gəncləri səkkiz yüz il öncə yazılmış aşağıdakı misraları günü bu gün də dilə gətirirlər:

  

   Mən yürürüm yana-yana,

   Eşq boyadı məni qana.

   Nə aşiqəm, nə divana,

   Gəl, gör məni eşq neynədi.

  

   Miskin Yunus, biçarəyəm,

   Başdan-ayağa yarəyəm,

   Dost əlindən avarəyəm,

   Gəl, gör məni eşq neynədi...

  

   Məzarı məkansız bu şairin Sözünün məkanı böyük ürəklər!

   bir də qızıl mürəkkəbli qələmlər: “Allah eşqini, insan sevgisini, mərhəmət, ehtiram, ölüm, qəriblik kimi duyğuları onun qədər mənalı, dərin şəkildə işləmiş şair çox azdır”, “Qiyməti özündən olan bu qızıl külçəsi - Yunus Əmrə yaradıcılığı bütün əti-qanıyla xalis Türk xəzinəsidir...”

   Onun haqqında yazılmış onlarca monoqrafiya, yüzlərcə məqalə, xatirəsini əzizləyib-əbədiləşdirən irili-xırdalı abidələr, elmi-mədəni mərkəzlər də öz yerində.

   Ruhun şad olsun, özgür-özdilli xalqların müştərək ulu babalarından olan çox sevimli-seçimlimiz!..

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2018.- 16 mart.- S.13.