Yurddadünyada Novruz

 

   UNESCO-da təntənəli mərasim

  

   Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Hindistan və Pakistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

   Mərasimdə təşkilat komitəsinin rəhbəri qismində İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışıb.

   UNESCO-nun baş direktorunun müavini Getaçyu Engida təşkilatçı ölkələrin səfirlərini salamlayıb, tədbir iştirakçılarını qurumun baş direktoru Odri Azuleyin adından təbrik edib. Novruzun sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdıran G.Engida UNESCO-da on ölkənin bu tədbiri birgə təşkil etməsinin möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.

   Tədbirdə təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri milli musiqi və rəqs nümunələri ifa ediblər.

   Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib. Təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub.

   Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

   Serbiyanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Darko Tanaskoviç artıq uzun illərdir Novruz bayramı tədbirlərində iştirak etdiyini bildirib. “Novruz bayramı qeyd olunan ölkələrdə səfir işləmişəm. Ona görə də bu bayram, onun ənənələri haqqında çox eşitmişəm. Novruz təbiətin oyanışıdır. Təbiət bayramının bəşər təqviminə salınması vacibdir”, - deyə o diqqətə çatdırıb.

  

   Cenevrədəki BMT Bölməsində Novruz tədbiri

  

   Novruz münasibətilə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində bu şəhərdə fəaliyyət göstərən Akademik Mərkəzin “Oiseau Bleu“ (Göy quş) adlı məktəbi ilə birgə bayram tədbiri keçirilib.

   Tədbirdə daimi nümayəndə Vaqif Sadıqov və “Göy quş” məktəbinin direktoru Yelena Həsənova bayram təbriki ilə çıxış ediblər.

   Tədbirin bədii hissəsində məktəbdə təhsil alan şagirdlər şeir və mahnılar oxuyub, milli rəqslər ifa edib və səhnəciklər nümayiş etdiriblər. Bayramda qonaqlara Azərbaycan milli şirniyyat və təamları təqdim olunub.

   Sonda Azərbaycan dili məktəbinin fəaliyyətini dəstəkləmək məqsədilə daimi nümayəndəlik adından dərslik və kitablar mərkəzə hədiyyə olunub.

   Xatırladaq ki, Cenevrə şəhərində yerləşən Akademik Mərkəzin “Göy quş” adlı ibtidai məktəbinin nəzdində Azərbaycan dili kursları ilə yanaşı, uşaqlara milli rəqslərimiz də öyrədilir.

  

   Tarix-mədəniyyət qoruqlarında Bahar havası

  

   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunur. Martın 16-da növbəti şənlik Hacıqabul rayonPir Hüseyn” xanəgahı tarix-memarlıq qoruğunda keçirilib.

   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Qoruqlarla , tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun baş məsləhətçisi Şahin Şahbazov, Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

   Milli Qəhrəman Mübariz İbrahimov adına İdman və sağlamlıq mərkəzinin yetirmələri şənlikdə öz bacarıqlarını nümayiş etdiriblər. Bahar libaslarını geyinmiş körpələr bayram sovqatları ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb.

   Novruz bayramı münasibətilə tədbirlər 18 martda Şəki rayonunda, Kiş tarixi-memarlıq qoruğunda, ayın 19-da Qobustan Milli tarix-bədii qoruğunda davam etdirilib.

   Martın 20-də ilaxır çərşənbələrdən sonuncusu - Torpaq çərşənbəsi və Novruzun il günü Nardaran tarix-mədəniyyət qoruğundaZaqatala tarix-mədəniyyət qoruğunda təntənə ilə qeyd ediləcək. Həmçinin 20-23 mart tarixində Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunda bayram şənlikləri nəzərdə tutulub.

  

   Mədəniyyət müəssisələrində Novruz şənlikləri

  

   Sumqayıt şəhər mədəniyyət müəssisələrində Novruz şənlikləri keçirilib. Şəhər F.Əmirov adına Uşaq incəsənət məktəbində xor kollektivləri, nağaraçalanlar ansamblı şənliyə xüsusi rəng qatıb. Məktəbin direktoru Vasif Heydərov iştirakçılara xoş arzularını çatdırıb.

   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində keçirilən tədbirdə Novruz bayramının adət-ənənələri, çərşənbələri haqqında geniş məlumat verilib. Kosa və Keçəlin gəlişi tədbirə xüsusi rəng qatıb. Uşaqlar şən musiqi sədaları altında rəqs edib, şeirlər, tapmacalar, yanıltmaclar söyləyiblər.

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Bülbülcan adına Şuşa şəhər Uşaq musiqi məktəbində keçirilən konsertdə şagirdlərin ifasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının Novruz bayramına həsr etdiyi mahnılar maraqla dinlənilib.

 

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.4.