Məhəbbətin hərarəti dünyanın buzunu əridər

 

   Onlar irəlilədikcə yolları üstə bahar çiçəkləri açır, otlar göyərirdi”. Bu sözlər martın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilən H.X.AnderseninQar kraliçası” əsərinin sonunda səslənir.

   Bəli, bu dəfə bəlkə də Gənc Tamaşaçılar Teatrı uşaqları qışın soyuq, şaxtalı günlərinin simvolu olan Qar kraliçasına baharın artıq qapıda olduğunu xəbər vermək üçün görüşdürürdü. Hər halda tamaşanın elə ilk anlarından uşaqların bu görüşdən məmnunluqları hiss olunurdu.

   Tamaşa məktəblilərin yaz tətili və Novruz ərəfəsində təqdim edildiyi üçün ilk olaraq səhnəyə Novruzun sevilən personajları Keçəl və Kosa çıxaraq uşaqları bayram münasibətilə təbrik etdilər. Keçəl obrazında teatrın aktyoru Natiq Fərzəliyev, Kosa isə Ceyhun Məmmədov idi. Onların səhnədə maraqlı dialoqları, duzlu-məzəli zarafatları, uşaqlarla söhbətləri balacaların ürəyincə oldu. Novruz qəhrəmanları uşaqlara səhnə əsəri haqqında məlumat verdikdən sonra onları tamaşanı izləməyə dəvət etdilər.

   Birhissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlədiyi “Qar kraliçası”ndan tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq nağıldakı böyük dramatizmə geniş yer verilib.

   Qar kraliçasının dünyanı buza çevirmək istəyinin arxasında nə durur? Məlum olacaq ki, o özünə bərabər qüvvəyə malik bir nəfər axtarır. Tamaşanın sonunda onun krallığında nə qədər cavan oğlanın donduğu aşkara çıxır. Bircə Kay kraliçanın soyuğuna qarşı dözümlü olur. Lakin Kayı donmağa qoymayan Gerdanın məhəbbəti və dost sədaqətidir. Məhz bu qüvvə oğlanı kraliçanın əsarətindən xilas edir. Uşaqlar bütün bu baş verənləri hədsiz maraqla qarşıladılar.

   Tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır. “Qar kraliçası”nın plastik həlli Ceyhun Dadaşova məxsusdur. Səhnə əsərində Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova, Aygün Fətullayeva, Xəyalə Meydanova, İlqarə Tosova və digərləri rol alıblar.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.7.