Daşkənddə Azərbaycanın turizm təqdimatı

 

   Özbəkistan turizm şirkətlərinin Azərbaycana marağını nəzərə alan Bakıdakı "Travelling Lab" turizm şirkəti martın 23-də "Hyatt Regency Tashkent" mehmanxanasında “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri” adlı təqdimat keçirəcək.

   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə reallaşacaq təqdimatda Özbəkistanın çoxsaylı turizm şirkətlərinin nümayəndələri və jurnalistlər iştirak edəcək.

   Təqdimatın məqsədi Özbəkistanın turizm şirkətlərinin diqqətini Azərbaycana yönəltmək, ölkələrimiz arasındakı dostluqturizm əlaqələrini daha da genişləndirməkdən ibarətdir. Tədbir çərçivəsində paytaxt Bakıda fəaliyyət göstərən hotellərin, Naftalan və Naxçıvandakı Duzdağ müalicə-sağlamlıq sanatoriyalarının təqdimatı da nəzərdə tutulub.

   Bundan başqa, "Bakı Ekspo 2025" adlı videomaterial, “Azərbaycan-Qafqazın dürdanəsi” adlı fotosərgi və Azərbaycan-Özbəkistan dostluğuna aid klip nümayiş etdiriləcək.

   Sonda AMM-in hazırladığı konsert proqramı təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.9.