Ustad dərsi - dost payı - könül sevinci

 

   Martın 17-də İCOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi QalaDövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə maraqlı layihə gerçəkləşdi. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Novruz bayramının əsas atributlarından olan qədim şirniyyatın - şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçirildi.

   ...Hər iki muzeyin xanım əməkdaşları birlikdə əsl bayrama hazırlıq ab-havasını yaratdılar. Yerə xalça döşəyib mütəkkə, nalça, döşəkçə atdılar, yuxayayanlar işə başladılar. Milli libas geyinib, başlarına kəlağayı, örpək örtüb əllərinə maqqaş aldılar. Ortaya südlə, xama ilə yoğurulmuş xəmir gəldi, üyüdülmüş qoz ləpəsi ilə şəkər, azacıq ədviyyat qatılmış içlik allı-güllü qədim kasalara tökülüb hər yuxayayanın böyrünə qoyuldu. Aypara misallı, sünbül naxışlı şəkərburalar sinilərdə sıralandı, növbə ilə sobalara yollandı. , bax, burada ənənəyə bir balaca xilaf çıxıb texnoloji üstünlükdən bəhrələndik: şəkərburalar ta ocaqda, kərpic, ya da dəmir sobalarda yox, elektrik sobasında bişməli oldular.

   Ta qədimdən, qohum-qonşu xanımların bir evə cəm olub iməcilik üsulu ilə hamının bayram bişmişini növbə ilə bişirib ərsəyə gətirməsini xatırlayan qonaqlar da, tədbiri işıqlandırmağa gəlmiş qadın jurnalistlər ürəklənib şəkərbura qırağı burmağa, naxışlamağa girişdilər. Arada zarafat da etdik ki, iş-güc əlindən evimizdə əlimizə maqqaş almırıqsa, heç olmasa, burda analarımızın öyrətdiklərini xatırlayaq.

   Şəkərbura bişirmə mərasimi ilə yanaşı xanımlar hələ soğan qabığı qaynamış suda ləçəkli-yarpaqlı yumurta da boyadılar. Yeni texnologiya bu işdən yan keçmədi. Belə ki, gənc qızlar yumurtalara akril boya ilə naxış saldılar. Üstəlik, bu "əməliyyatı" necə yerinə yetirməyi maraqlananlara da öyrətdilər.

   Hələ onu demirəm ki, biz bayram tədarükündə ikən gənc xanəndə Sədəf Budaqova özü kimi şirin-şəkər qızlarla qurduğu muğam üçlüyü ilə xalq mahnıları, Novruza həsr edilmiş nəğmələr çalıb-oxuyaraq ruhumuzu oxşadılar. Qədim mis qabların sıralandığı vitrinlərin arasında qurulmuş improvizə səhnədə mikrofonsuz, səsgücləndiricisiz ucalan tar-kaman səsi, xanəndə avazı çox mehriban ovqat yaratdı. Hətta xəbər portalından bu tədbir barədə xəbər tutub Bakının lap mərkəzindən iki azyaşlı uşaqla gəlib bu tədbirə qoşulan gənc ailə də, anasına qoşulub tədbirdə iştirak edən jurnalist övladları da özlərini doğma mühitdə hiss etdilər, tədbir başa çata-çatda uşaqların bu məkandan könülsüz ayrıldığını görməmək mümkün deyildi...

   Tədbirə toplaşanlar bir kəşf də etdilər. Demə, İCOM Azərbaycan Milli Komitəsinin prezidenti, Xalça Muzeyinin direktoru Şirin Məlikova da, “Qalaqoruğunun direktoru Məlahət Fərəcova da təkcə yaxşı təşkilatçı, milli irsi peşə fəaliyyəti, vəzifə borcu olaraq yaşadan kollektiv rəhbərləri deyil, həm də gözəl əl qabiliyyəti olan xanımlar imiş. Millilik demişkən, modelyer-dizayner Gülnarə Xəlilova bu məclisə milli geyim atributlarını öz görkəmində gətirməklə də gözümüzü sevindirdi.

   Layihə barədə danışan Şirin Məlikova söylədi ki, şəkərbura bişirməyə dair ustad dərsi ideyasının əsas məqsədi xalqımızın Novruz bayramı adət-ənənələrini yaşatmaq, gənc nəslə çatdırmaqdır:

   - Hər bir azərbaycanlı üçün Novruz bayramı bahar fəslinin gəlişi, təbiətin oyanması ilə yanaşı, həm də xalqımızın birlikpaylaşmaq bayramı kimi xarakterizə olunur. Bu bayramda qonum-qonşular bir araya gələrək, şirniyyat, ləziz təamlar hazırlayar, daha sonra bir-birinə öz bişirdiklərindən sovqat aparar, hamının süfrəsində mütləq şirniyyat olardı. Milli-mədəni dəyərlərimizin qorunması və yeni nəslə çatdırılması muzey işçilərinin, hər bir vətənpərvər insanın ən ümdə arzusudur.

   ... Biz Qalaya çatanda yağış çiləyirdi. Əntiq əşyalar muzeyində yaradılmış isti, ürək sevindirən saatlar ərzində isə möhkəm yağış yağdı. Ürəyimizdə bayram sevinci, bu sevinci paylaşmaqdan yana duyduğumuz fərəhlə Qalanı tərk edəndə isə yağış səngiməkdə idi. Beləcə, bol oksigenli saf yaz havası ilə nəfəs ala-ala yola düşdük. Tədbirdəki bayram ovqatından evimizə də apardıq. Bəs heç soruşmadınız ki, bəs şəkərburaların taleyi necə oldu? Bazar günü Füzuli rayonunda, cəbhəyanı kəndlərin əhalisi ilə bayramlaşmağa gedən bir neçə qurumun əməkdaşının bayram xonçasında Xalça Muzeyi ilə “Qalaqoruğunda çalışan xanımların, onların qonaqlarının da əməyi, sevgisi qatılmış şəkərburalar Bakıdan Qarabağadək yol getdi. Beləcə, Novruzun daha bir bayramlaşmaq missiyası yerinə yetirildi.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 20 mart.- S.10.