“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

 

 

   “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 2018-ci il 12-19 may tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

   Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub.

   Artıq üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən - Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt, Makedoniyaİrandan 60-dan çox təklif daxil olub.

   “Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğu nəzərə alınaraq, festivalın iki istiqamətdə - milli və beynəlxalq mərhələdə keçirilməsinə qərar verilib.

   Milli teatr mərhələsinə respublika teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı, Göygöl bölgələrinə səfərləri daxil edilib.

   Festivalın beynəlxalq mərhələsində Kolumbiyanın Acto Teatrı kollektivinin Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının U.ŞekspirinMaqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının U.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları planlaşdırılıb.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.3.