Baliyev Yuri Nikolayeviç

 

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Teatr sənətinin tanınmış nümayəndəsi, istedadlı teatrkino aktyoru, respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Baliyev Yuri Nikolayeviç 2018-ci il martın 27-də 69 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

   Yuri Baliyev 1949-cu il iyul ayının 22-də Rusiyanın İzberq şəhərində anadan olmuşdur. O, 1975-ci ildə F.Volkov adına Yaroslavl Teatr Məktəbinin Aktyorluq fakültəsini bitirmişdir.

   1975-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyor truppasına qəbul edilən Yuri Baliyev ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlamışdır. Tanınmış sənətçi doğma teatrın səhnəsində və kinoda yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun böyük ustalıqla ifa etdiyi Qraf Qloster (U.Şekspir, “Kral Lir”), Roqojin (F.Dostoyevski, “İdiot”), Şamrayev, Smirnov (A.Çexov, “Qağayı”, “Ayı”), Kapitan Bernardo (L.de Veqa, “Nə yardan doyur, nə əldən qoyur”), Koşon (J.Anuy, “Torağay”), Semyon (İ.Babel, “Qürub”), Marko (A.Miller, “Körpüdən mənzərə”), Çingizxan (M.Şaxanov, “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri, “Burla Xatun”), Farisey (A.Volodin, “İsanın anası”), Zabit, Həkim (Elçin, “Cəhənnəm sakinləri”, “Teleskop”), Professor (N.Rəsulzadə, “Nonsens”), Kazarin (M.LermontovMaskarad”), Qonaq (N.Gəncəvi, “Yeddi gözəl”), Çuqunov (A.Ostrovski, “Qurdlarquzular”), Knyaz Didiani (Q.Səid, “Əli və Nino”), Maks (V.Denisov, “Sanset bulvarı”) və başqa obrazlar teatr tarixinin parlaq səhifələrini təşkil edir.

   İstedadlı aktyor “Babək”, “Tehran-43”, “Ovsunçu”, “Hökmdarın taleyi”, “Nigarançılıq”, “Küçələrə su səpmişəm”, “Arxada qalmış gələcək”, “Aktrisa”, “Sübhün səfiri”, “Qala” bədii filmlərində çəkilmişdir.

   Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsü idi.

   Unudulmaz sənətkar, gözəl insan Yuri Baliyevin əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

   Azərbaycan Teatr Xadimləri İttifaqı

   Azərbaycan Dövlət Rus Dram Teatrı

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.4.