Daşkənddə Azərbaycanın turizm potensialı ilə bağlı təqdimat keçirilib

 

   Azərbaycanın “Travelling Labturizm şirkəti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” mehmanxanasında “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri” adlı təqdimat keçirib. Tədbirdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin, bu ölkənin 30-dan çox turizm təşkilatının nümayəndələri, jurnalistlər iştirak edib.

   Foyedə Mədəniyyət mərkəzinin hazırladığı “Azərbaycan - Qafqazın dürdanəsi” adlı fotosərgi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlər nümayiş etdirilib. Həmçinin Azərbaycanın turizm imkanları, ölkəmizdəki sanatoriyalara dair fotoşəkillər sərgilənib və AMM-in hazırladığı bukletlər iştirakçılara paylanılıb. May ayında üçüncü dəfə keçiriləcək Bakı Şopinq Festivalı, Novruz şənlikləri, habelə ölkəmizin regionlarının turizm imkanları haqqında məlumat verilib.

   Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, Bakıda və regionlarda müasir tələblərə cavab verən infrastruktur, turizm mərkəzləri yaradılıb, müalicəvi turizm sahəsində Azərbaycanın imkanları daha da genişlənib. Son illər Azərbaycana gələn turistlərin sayının xeyli artdığını qeyd edən Samir Abbasov Özbəkistanda keçirilən turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin də təmsil olunduğunu söyləyib.

   Travel Lab” şirkətinin direktoru Səbinə Məmmədova Azərbaycanın turizm imkanları, müasir infrastruktur və xidmət sahəsində əldə edilən nailiyyətlər haqqında danışıb, Naxçıvandakı Duzdağ, Şabrandakı Qalaaltı istirahət-kurort mərkəzlərinin xidmətləri və imkanlarından söhbət açıb. Azərbaycanla Özbəkistan arasında birbaşa reyslərin olması, vizasız rejim, habelə xalqlar arasında dil, din, mədəniyyət yaxınlığının turizm sahəsində əlaqələrin inkişafına müsbət təsir göstərdiyi bildirilib.

   Sonra Azərbaycan Sağlamlıq Turizmi Assosiasiyasının baş əlaqələndiricisi “Qaşaltı” hotelinin marketinq üzrə direktoru Mirağa Seyidov Naftalan sanatoriyasının müalicəvi xüsusiyyətləri, buradakı hotellərdəki xidmətlər barədə məlumat verib.

   Naxçıvandakı müalicəvi turizm komplekslərinin imkanlarına dair təqdimat keçirilib.

   Tədbir çərçivəsində Özbəkistanın turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

   Mədəniyyət mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova “Expo-2025” Dünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının bu layihəyə hazırlıq prosesi ilə bağlı məlumat verib, “Baku Expo-2025” adlı xüsusi videomaterial nümayiş etdirib.

   Tədbirdə AMM tərəfindən hazırlanan bədii proqramlar təqdim olunub, Azərbaycan-Özbəkistan dostluğuna dair klip nümayiş etdirilib. Özbək sənətçiləri Azərbaycan musiqilərini səsləndirib, milli rəqslərimiz nümayiş etdirilib, qonaqlara ziyafət verilib.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.9.