Almaniya qəzetində ölkəmiz haqqında məqalə dərc edilib

 

   Almaniyanın “Südthüringen Kurier” qəzetinin mart ayı üzrə sayında Azərbaycana dair geniş məqalə dərc olunub. Məqalədə Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə, ənənəvi qonaqpərvərliyə və böyük turizm potensialına malik ölkə olduğu vurğulanır. Həmçinin Azərbaycanda ötən illər ərzində müasir turizm infrastrukturunun yaradıldığı və turizmin neftdən sonra ölkə iqtisadiyyatının inkişafında xüsusi əhəmiyyəti qeyd olunur.

   Məqalədə Azərbaycanın son dövrlərdə “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-pri yarışı kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, eyni zamanda 2017-ci ildən etibarən ənənəvi Bakı Şopinq Festivalının təşkil olunduğu diqqətə çatdırılır.

   Məqalədə Bakı ilə yanaşı, ölkənin Gəncə, Naxçıvan və Qəbələ kimi regionlarının turizm potensialı, infrastrukturu və imkanları barədə məlumat verilir, Rusiya, Gürcüstan, İran və Türkiyə ilə bərabər, Avropadan da gələn turistlərin sayının ildən-ilə artdığı qeyd olunur.

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.9.