Yaşıl yarpaqdan çeşidli libaslara...

 

 

   Dilimizdə zəriflik və incəliyin ən ülvi bənzətmə nümunəsindən biri də “ipək” sözüdür. İnsanın mənəvi gözəlliyini poetik bir dillə ifadə edərkən deyirik: o, ipək kimi zərifdir və ya ipək xasiyyətlidir. Bəs kəlağayıya, köynəyə və çeşidli libaslara çevrilən ipək necə yaranır?..

   Hələ qədim zamanlardan tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan həm də ipəkçilik ölkəsi kimi tanınıb. Mənbələrdə göstərilir ki, ipəkçilik ilk dəfə Çində aşkarlanıb. Xammal kimi, ipəkqurdu toxumu şəklində əvvəl Orta Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilib. Məxəzlərdə o da bildirilir ki, ölkəmizdə ipəkçilik V-VI əsrlərdə intişar tapıb. Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən genişləndirilərək inkişaf etdirilib. IX-X əsrlərdə ipəkqurdu toxumu yetişdirməyə xüsusi diqqət yetirilir. İpəkçiliyin inkişafı XIII-XV əsrlərdə də davam edir. Həmin dövrdən etibarən Bərdə, Şirvan, Şəki və başqa şəhərlər barama və ipək sapı istehsal edən bölgələrə, Şamaxı, Gəncə və Təbriz kimi iri şəhərlər isə ipək parça toxunan mərkəzlərə çevrilir.

   AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunda aparılan tədqiqatlara əsasən, Azərbaycanda hazırlanan əla keyfiyyətli ipək parçalar ölkəyə gələn tacir və səyyahların nəzərini cəlb edir. Hətta GenuyaVenesiyadan ipək almaq üçün tacirlər ölkəmizə gəlirlər. Xammalın böyük bir qismi başqa yerlərə satışa aparılsa da, xeyli hissəsi yenə də ölkənin daxilində istifadə olunub.

   XIX əsrin əvvəllərindən etibarən Rusiyada toxuculuq sənayesinin inkişafı Azərbaycanda baramaçılığın genişlənməsinə təkan verib. Bu proses Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra (1828) xeyli güclənir. 1836-cı ildə çar hökuməti Cənubi Qafqazda ipəkçiliyi və ticarət sənayesini inkişaf etdirmək məqsədilə cəmiyyət yaradır. XIX əsrin 40-cı illərində Cənubi Qafqazda istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düşüb. Toplanan həmin məhsulun 40 faizə qədərini Nuxa (Şəki) qəzası verib. Yenə də məhsulun xeyli hissəsi Rusiyaya aparılıb. XIX əsrin ortalarında ölkədə yaranmış əlverişli şərait, Azərbaycan ipəkçilərinin zəngin bilik və təcrübəsi, ipəkçiliyin iqtisadiyyatdakı mühüm rolu onun daha da inkişafına təkan verib.

   XX əsrin əvvəllərində Azərbaycanda mühüm ipəkçilik rayonları Gəncə (Yelizavetpol) quberniyası, Bakı quberniyasının Lənkəran, QubaGöyçay qəzaları, həmçinin Zaqatala dairəsi və Naxçıvan qəzası olub. Azərbaycanda ipəkçiliyin inkişafı üçün əsas amil tut bağlarının salınması, becərilməsi və bu sahənin genişləndirilməsi idi. Tut ağaclarının çoxalması üçün bir neçə üsuldan istifadə edilsə də, bağbanlar toxum vasitəsilə, şitil etmək yolu ilə çoxaltmaya daha çox üstünlük veriblər.

   XIX əsrin sonlarında Azərbaycanın 1100-dən çox yaşayış məntəqəsində ipəkçiliklə məşğul olunub. 1914-cü ildə bu rəqəm 2200-ü ötüb. Təkcə Nuxa qəzasında 18 min, Ərəş qəzasında (indiki Ağdaş rayonu) 7 mindən çox kəndli ailəsi bu sahə ilə məşğul olub.

   Azərbaycan kəndlərində ipəkçiliyin belə kütləvi şəkil almasının əsas səbəblərindən biri onun digər təsərrüfat sahələrinə nisbətən daha gəlirli olmasıdır. Barama məhsulunun qısa müddətə əldə edilməsi, vaxt etibarilə münasibliyi bu sərfəli təsərrüfat sahəsinin inkişafı üçün əsaslı zəmin yaradıb. 1910-cu ildə Cənubi Qafqazdakı 55 min desyatin plantasiyadan 50 min desyatini Azərbaycanın payına düşüb. Bu müddətdə Şirvan, Qarabağ, Naxçıvan, Şəki-Zaqatala və Lənkəran-Astara zonalarında ipəkçilik daha geniş xarakter alıb. Əvvəllər ipəkqurdu toxumu əsasən satın alınsa da, Azərbaycanın ipəkçiliklə məşğul olan bəzi yerlərində onu ənənəvi üsulla əldə ediblər. Onun bəslənməsində qadın əməyinin rolu əsas və həlledici olub.

   Barama istehsalı ilə ipək emalı sənayesi bir-biri ilə sıx surətdə bağlıdır. Barama istehsalının artımı, yaxud azalması öz növbəsində ipək emalı sənayesinin gah inkişafına, gah da zəifləməsinə səbəb olub. Azərbaycanda ipək emalı sənayesi sahəsində fabrik istehsalının inkişafı ilə əlaqədar ölkədə kustar ipəksarıma - ipəkəyirmə prosesinin, demək olar ki, sıradan çıxması ilə nəticələnir. Bir zamanlar Azərbaycana şan-şöhrət qazandıran ənənəvi ipək parça istehsalının düçar olduğu acınacaqlı vəziyyətə toxunan Həsən bəy Zərdabi yazırdı: “Şirvan xanlarının keçmiş paytaxtı Şamaxı şəhəri həmişə ipək toxuculuğunun mərkəzi olub. Şamaxılılar... ipək toxumaqla məşğul olan adi kustarlar deyildilər. Onlar yalnız bu sənətlə yaşayan peşəkar toxuculardır. Ona görə də fabrikin yerli ipək toxuculuğuna mənfi təsiri kəndlərdə və Şamaxı şəhərində eyni deyildi. Kənd kustarları ipək toxuma fəaliyyətlərini tərk edir, kənd təsərrüfatı ilə məşğul olmağa başladıqları halda, şamaxılılar ucuz fabrik məhsulları tərəfindən sıxışdırılan movqanovuz istehsalını dayandırırlar. Bunun əvəzində yorğanüzü, örpək, şərf və digər məmulatlar istehsal edirlər. Bir sözlə, şamaxılılar fabrikə qarşı müharibə elan edirlər. Bu onlar üçün həyati məsələ olduğundan həmin mübarizəni aparmağa məcbur olurlar...”

   Son illər Azərbaycanda ipəkçiliyin inkişafına xüsusi diqqət yetirilir. Zəngin ənənələrə malik ipəkçiliyin tarixi şöhrətinə qaytarılması istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyevin 2017-ci il 19 may tarixli “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı bu sahənin inkişafına güclü stimul verəcək.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.12.