Mədəni-maarifçilik tariximizdən səhifələr

 

 

   “Səadət” xeyriyyə cəmiyyətinin fəaliyyəti Milli Azərbaycan Tarixi Muzeyinin fond materiallarında

  

   XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik ideyalarının yayılması, savadsızlığın aradan qaldırılması məqsədilə müxtəlif xeyriyyə cəmiyyətləri yaranmağa başlamışdı. Maarifpərvər ziyalılarımız şəxsi vəsaitləri hesabına müxtəlif cəmiyyətlər təşkil edir, ölkədə təhsil və mədəniyyətin inkişafına çalışırdılar.

   Çar Rusiyasında 1905-ci il inqilabından sonra hökumətin islahatlar vəd edən Oktyabr bəyannaməsi imperiyanın əyalətlərində mədəni-maarif işlərinin genişlənməsinə təkan verdi. Bu proses xüsusilə yerli mətbuatda öz əksini tapırdı. Məqalələrdə milli dildə təhsil, tədrisin həcmi və keyfiyyətinin artırılması məsələlərindən bəhs olunurdu.

   Sözügedən dövrdə xalqın maariflənməsi işində böyük xidmətləri olmuş xeyriyyə cəmiyyətlərindən biri də “Səadət” Bakı Müsəlman Ruhani Cəmiyyəti idi. Bu məqalədə biz “Səadət” cəmiyyətinin fəaliyyətinə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr, etnoqrafiya, neqativ fondlarında qorunan müxtəlif materiallar əsasında işıq salacağıq.

   1906-cı ildə müsəlmanların təlim-tərbiyəyə ehtiyaclarını müzakirə edən bir qrup maarifpərvər ruhani mədrəsəsi tikmək qərarına gəlir. Bu tədbiri həyata keçirdikdən sonra isə Təzəpir mədrəsəsini təmir etməyi qarşısına məqsəd qoyan qrup müəyyən maneələrlə üzləşincə xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düşür. Cəmiyyətin nizamnaməsi 1907-ci ilin iyunun 7-də təsdiq olunur. Nizamnamənin birinci maddəsində cəmiyyətin Bakı şəhərindəki dini məktəb və mədrəsələrin müasir əsaslar üzərində yenidən təşkil olunması məqsədilə qurulduğu göstərilirdi. Həmçinin zamanın ruhuna uyğun olaraq yeni dini təhsil müəssisələrinin, müəllim institutları və başqa ali məktəblərin açılması da cəmiyyətin qarşısında duran vəzifələrdən idi. Bir ay sonra Hacı Qasım bəy məscidinə toplaşan müsəlmanlar təsis toplantısı keçirərək tanınmış üləmalardan mötəbər alim Axund Molla Ələkbər Abbasquluzadəni sədr, Axund Molla Ağa Əlizadəni sədr müavinidövrünün tanınmış din xadimlərindən ibarət 14 nəfərlik idarə heyəti seçirlər. 24 fəxri, 98 həqiqi və 122 himmətli üzvü olan cəmiyyətin rəhbər orqanına üləmalarla yanaşı, ziyalılar və Murtuza Muxtarov kimi sərvət sahibləri daxil olsalar da, qurum daha çox dini təəssübkeşliyi ilə digər xeyriyyə cəmiyyətlərindən fərqlənir, əsasən bu sahədə fəaliyyətə diqqət yetirirdi.

   “Mədrəseyi-səadət” adlı məktəbin açılması cəmiyyətin fəaliyyətində ən mühüm hadisələrdən biri olmuşdur. Mədrəsəyə müdir olaraq Fransanın Sorbon Universitetində təhsil almış, fransız, fars, ərəb və türk dillərini mükəmməl bilən, müasir elmi nailiyyətdən xəbərdar və əslən iranlı olan Mirzə Ələkbər xan Bəhmən dəvət olunur. Müdirdaxil olmaqla mədrəsədə 1908-1909-cu tədris ilində 7, sonrakı dövrdə isə 14 müəllim çalışırdı. Təhsil ocağında Əli bəy Hüseynzadə (türk, alman dilləri və tarixi), Fərhad Ağazadə (ana dili, coğrafiyariyaziyyat), Axund Hacı Molla Əbdürrəhim Hadizadə (şəriət) kimi tanınmış ziyalılar dərs deyirdi. 1908-1911-ci illərdə mədrəsədə riyaziyyat, rus dili və nəğmə dərslərini aparan Üzeyir Hacıbəylinin tədris proqramlarının təkmilləşdirilməsində xüsusi rolu olmuşdur. Müxtəlif illərdə məktəbdə Məhəmmədhənifə Terequlov (rus dili), Əli Hüseynov (hesab), Kazım bəy Məlikov (coğrafiya və rəsm), Molla Əbdül Rəhimov (şəriət) da dərs demişlər. Mədrəsədə çalışan müəllimlər arasında Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli, nakam şairimiz Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə, Əli Terequlov, Musa Rza Əsgərli və təhsil ocağının həkimi Bəhram bəy Axundovun da xidmətlərini qeyd etmək vacibdir.

   Fəaliyyətə başladığı vaxtdan etibarən xalqın rəğbətini qazanmış mədrəsəyə tələbat gündən-günə artırdı. Mövcud bina ildən-ilə böyüyən kollektiv üçün darısqallıq edirdi. Mədrəsənin müdiri, sonralar İranın Balkan ölkələrində və Misirdə səfiri olmuş Mirzə Ələkbər xan Bəhməndən və onu qısa müddət ərzində əvəz edən Axund Molla Ağa Əlizadədən sonra cəmiyyət mədrəsəyə rəhbərliyi türk dili müəllimi kimi fəaliyyət göstərən görkəmli ədib və mütəfəkkir Əli bəy Hüseynzadəyə həvalə edir. Çar hökumətinin getdikcə artan təzyiqləri nəticəsində və ittihadçı dostlarının dəvəti ilə 1910-cu il dekabr ayının 4-dək, Türkiyəyə gedənə qədər Əli bəy böyük uğurla məktəbi idarə edir.

   Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Axund Molla Ağa Əlizadəyə məxsus əba (ruhanilər üçün çiyinlik) saxlanılır. Bu eksponatı muzeyə axundun nəvəsi, AMEA-nın prezidenti, akademik Akif Əlizadə hədiyyə etmişdir. Muzeyin kitabxanasında isə Əli bəy Hüseynzadənin baş redaktoru olduğuFüyuzat” jurnalının nüsxəsi saxlanılır.

   Mədrəsədə təhsil sisteminin bir sıra üstün cəhətləri vardı. Şagirdlər hər dərs ilinin sonunda - may ayında şifahi və yazılı imtahanlar verirancaq müvəffəqiyyət qazandıqları təqdirdə növbəti şöbəyə keçirdilər. 3 hazırlıq şöbəsi və 4 əsas sinif ilə fəaliyyətə başlamış mədrəsə ibtidainatamam orta təhsil verirdi. Mədrəsədə təhsilini başa vurduqdan sonra şagirdlər gimnaziya və realnı məktəbdə oxumaq hüququ əldə edirdilər. Türkiyə maarif sistemini əsas alan mədrəsənin tədris planlarına nəzər saldıqda hazırlıq şöbəsinin 1-ci ilində islam dininin əsasları, türk dili (Azərbaycan dili) və hesab fənlərinə yer verildiyinin şahidi oluruq. Birinci ildə nəzərdə tutulmuş həftəlik 18 saatlıq dərsin 10 saatının bilavasitə Azərbaycan dilinə ayrılması cəmiyyətin ana dilinin tədrisinə verdiyi əhəmiyyətdən irəli gəlirdi. İkinciüçüncü il şöbələrində isə təhsil proqramı bir qədər mürəkkəbləşirdi. Dini elmlərdən, şəriət fənnindən başqa, Qurani-Kərim, xarici dillərdən isə türk dili ilə yanaşı farsrus dilləri də tədris olunurdu. Həmçinin şagirdlərə ərəb dili, hesab, müsəlman və rus hüsnxəti, nəqqaşlıq və rəsm fənləri də öyrədilirdi. Mədrəsənin nəzdində fəaliyyət göstərən axşam kursları da əhalinin savadlanması işində mühüm rol oynamışdır.

   Xalqın maariflənməsi prosesində yaxından iştirak edən cəmiyyətin mənəvi dəyərlərə bağlılığı və açdığı məktəblərdə istifadə olunan dərsliklərin əsasən İstanbuldan və Təbrizdən gətirilməsi Qafqaz Daxili İşlər Komissarlığı Tədris dairəsinin diqqətindən kənarda qala bilməzdi. Bakı Şəhər Bələdiyyə İdarəsi müxtəlif bəhanələrlə xeyriyyə cəmiyyətlərinin, o cümlədən “Səadət” cəmiyyətinin açdığı məktəblərdə yoxlamalar aparır, tədris planları və proqramları, müəllimlərin kimliyi, dərsliklərin kim tərəfindən yazılması haqda müfəssəl məlumat tələb edirdi. Maraqlıdır ki, o dövrün maarifçi-demokratları da bir sıra hallarda cəmiyyətin fəaliyyətini qəbul etmir, onu molla hazırlamaqda ittiham edirdilər. 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuş “Səkkiz yüz molla” adlı məqalə də məhz bu qəbil münasibətin nəticəsi idi.

   “Səadət” cəmiyyətinin bilavasitə iranlı tacirləri səfərbər edərək Cənubi Azərbaycandan gəlmiş fəhlələrin uşaqları üçün Bakıda “İttihad”, Tiflisdə “İttifaq” adlı məktəblər açması, ümumiyyətlə, müsəlmanlar arasında maarifçilik fəaliyyəti sahəsində onun ciddi planlarının olduğuna dəlalət edirdi. Arxiv materiallarına istinadən qeyd etmək olar ki, rus-fars 7 sinifliİttihadkişi progimnaziyası (natamam orta məktəb) canişinin icazəsi ilə 1906-cı ildən açılmışdı. “Əncümən” Bakı fars xeyriyyə cəmiyyətinin xahişi ilə yaradılmışdı. Progimnaziya 8-17 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdu. Burada İvan Alekseyeviç Motorin (rus dili), Xudadat Əzizbəyov (hesab), Qasım Qasımov (tarix, coğrafiya), Ağalar bəy Mahmudbəyov (alman dili), Ağa Axundov (fransız dili), Mirzə Mahmud xan (ərəb dili), Əsədulla Əliyev (fars dili), Seyidəli Mehdiyev (türk dili) kimi müəllimlər fəaliyyət göstərirdi. Məktəbin binası Bakı şəhəri Sadovaya küçəsində (indiki Niyazi küçəsi) Şahidanov soyadlı şəxsin evində yerləşirdi.

   İttihad” məktəbində bir sıra xarici dillərin tədris olunması nəzərdə tutulurdu. Burada humanitar elmlərin - tarixin, ədəbiyyatın, latın və yunan dillərinin tədrisinə xüsusi önəm verilirdi. Muzeyin Sənədli mənbələr fondunda Belçikanın Lyej Universitetini bitirmiş, görkəmli mühəndislərimizdən birieyni zamandaİttihad” məktəbinin fransız dili müəllimi olmuş Ağa Axundova və məktəbin məzunu, pedaqoq Məmməd Həsən Qasımzadəyə aid materiallar qorunur.

   Bakıdakı məktəbdən fərqli olaraq, Tiflisdə açılmış “İttifaq” məktəbi xüsusi nəzarət altında fəaliyyət göstərmişdir. Məktəbdə təhsil pullu olsa da, cəmiyyət mədrəsədə imkansız, lakin istedadlı şagirdləri öz hesabına oxudurdu. Cəmiyyətin 1907-1910-cu illər ərzindəki fəaliyyətinə dair hesabatdan bəlli olur ki, ilk üç ildə məktəbdə təhsil alan şagirdlərdən birinci ildə 126 nəfərdən 46, ikinci ildə 132 nəfərdən 108 və üçüncü ildə isə 300 nəfərdən 200 şagird bilavasitə cəmiyyətin maddi yardımı hesabına oxumuşdur. Mədrəsə üçün kirayəyə götürülmüş binanın darısqal olduğunuözünün müstəqil binaya sahib olması zərurətini nəzərə alan cəmiyyət rəhbərliyi 1910-cu ildə yeni bina tikmək haqda qərar verir. Binanın layihəsini hazırlamaq tanınmış memar, mühəndis Zivər bəy Əhmədbəyova tapşırılır. Binanın iki mərtəbəsi yenicə hazır olanda I Dünya müharibəsi (1914) başlayır. Hökumətin qərarına əsasən, təcili olaraq binanın damı örtülərək yaralı əsgərlər üçün hərbi xəstəxanaya çevrilir. Buna görə də mədrəsə öz fəaliyyətini köhnə binada davam etdirməyə məcbur olur.

   Cəmiyyətin həyata keçirdiyi digər bir tədbir də kitabxana açılması ilə bağlı olmuşdur. Kitabxananın açılmasından sonra oradakı kitabların toplanması praktikası da tamamilə xeyriyyəçilik ənənələrinə uyğun həyata keçirilirdi. Ayrı-ayrı ziyalılar kitabxanaya kitab bağışlama kampaniyası həyata keçirmişdilər. Qısa müddət ərzində kitabxananın fondunda ərəb, fars, türkrus dillərində külli miqdarda maraqlı kitablar toplanmışdı.

   Cəmiyyətin Bakıdan başqa, digər bölgələrdə də şöbə açdığına dair mənbələrdə məlumatlara rast gəlirik. Təəssüflər olsun ki, ümumiyyətlə, xeyriyyə cəmiyyətlərinin, o cümlədən “Səadət” cəmiyyətinin Azərbaycanın digər regionlarındakı maarifçilik fəaliyyəti haqqında tədqiqatlar aparılmayıb. Ümid edirik ki, gələcək tədqiqatlarda milli maarifçilik tariximizdə özünəməxsus iz buraxmış mədəni-maarif cəmiyyətlərinin bölgələrdəki fəaliyyəti haqqında araşdırmalar aparılacaq.

  

   Nərmin Bağırova

   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

 

Mədəniyyət.- 2018.- 28 mart.- S.13.