Görüş yeri yenə Bakıdır

 

 

   AİTF sərgisi 17-ci dəfə dünyanın aparıcı turizm ölkələri və şirkətlərini bir araya gətirəcək

  

   Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Turizm sənayesi nümayəndələrinin görüş yerinə çevrilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF) aprelin 5-dən 7-dək keçiriləcək. Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılan sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq.

   Bakı Ekspo Mərkəzində təşkil olunacaq XVII Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi bu ilbir sıra yeniliklərlə iştirakçıların görüşünə gəlir.

   İteca Caspian” şirkətindən verilən məlumata görə, artıq bir neçə ildir ki, sərgi müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə turizm bazarı, dövlət strukturları, həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirir.

   Hazırda sərgidə iştirak edəcək ölkələrin və şirkətlərin qeydiyyatı davam edir. İndiyədək 20-dək ölkə, 200-dən çox xarici şirkət qeydiyyatdan keçib. İştirakçılar arasında Türkiyə, Bolqarıstan, Çex Respublikası, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand və digər ölkələri təmsil edən şirkətlər yer alır.

   Sərgi çərçivəsində görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqramturizm marşrutlarının elan edilməsi nəzərdə tutulur. Müxtəlif turizm istiqamətləri, hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək.

   Bu il sərgidə tibbi və sağlamlıq turizmi sektoru daha geniş təqdim olunacaq. Sərgidə Türkiyə, Ukrayna, Rusiya, Çex Respublikası, Sloveniya, eləcə də ölkəmizdən sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən 40-a yaxın turizm mərkəzi, sanatoriyalar iştirak edəcək. “AİTF 2018” sərgisində yerli və beynəlxalq sanatoriyalar, müalicə və SPA mərkəzləri, sağlamlıq ocaqları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş olunacaq. “AİTF 2018”in tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

   AİTF sərgisi ənənəvi olaraq ölkəmizdə daxili turizmin inkişafını da fəal şəkildə əks etdirir. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası ayrıca stendlə təmsil olunacaq. Ölkəmizin regionlarının turizm potensialı regional mədəniyyət və turizm idarələri tərəfindən də geniş nümayiş olunacaq, eləcə də ölkəmizdə fəaliyyət göstərən hotellər, turizm mərkəzləri, turizm şirkətləri də öz xidmətlərini təqdim edəcəklər. “ASAN Viza” - elektron viza portalı və mayın 1-dən 31-dək keçiriləcək Bakı Şopinq Festivalı öz stendi ilə sərgidə iştirak edəcək.

   AİTF ilə birlikdə 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi - “Horex Caucasus 2018” keçiriləcək. Horex Caucasus” regionda hotel restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

  

   Fariz Hüseynov

 

Mədənityyət.- 2018.- 30 mart.- S.8.