Gəncədə beynəlxalq musiqi festivalı keçirilib

 

   Aprelin 28-dən 30-dək Gəncə Dövlət Filarmoniyasının konsert zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq musiqi festivalı keçirilib. Festival Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

   Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan musiqi bayramının ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə Gəncə sakinlərini təbrik edib. Bildirib ki, 2016-cı ildə Avropanın “Gənclər paytaxtı”, 2017-ci ildə isə MDB-nin “Mədəniyyət paytaxtı” seçilmiş Gəncədə belə bir festivalın təşkili əlamətdar hadisədir.

   Beynəlxalq festivalın bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli ötən il dövlət başçısının iştirakı ilə açılışı keçirilən Gəncə Dövlət Filarmoniyasında ilk beynəlxalq sənət tədbirinin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

   Festivalın açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

   Qeyd edək ki, festivala Azərbaycan musiqiçiləri ilə yanaşı, məşhur ifaçılar - Olqa Naqornaya (soprano, Ukrayna), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun qatılıblar.

   Festivalda daha bir konsert proqramı Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən təqdim edilib. Konsertdə Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin şagirdləri də iştirak ediblər.

   “Zəriflik” Beynəlxalq musiqi festivalının bağlanış konserti möhtəşəm proqramla yadda qalıb.

   Konsertdə Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Kamera OrkestrininXalq artisti Adil Bayramovun rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib.

   Proqramda Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası, “Sənsiz” romansı, Fikrət Əmirovun “Azərbaycan elləri”, Cahangir CahangirovunAlagöz”, Aqşin Əlizadənin “Cəngi”, Süleyman Ələsgərovun “Şalaxo”, Səid Rüstəmovun “Həkim qız”, Ələkbər Tağıyevin “Gəncəm”, “Sən gəlməz oldun”, Bəhram Nəsibovun “Xatırla məni”, Ramiz MirişlininBayram axşamlarında”, Tofiq QuliyevinSevgi valsı”, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyası, Emin Sabitoğlunun “Azərbaycan”, Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnıları, eləcə də ŞostakoviçinVals”, QardeninTanqo” əsərləri ifa edilib və Azərbaycan rəqsləri nümayiş olunub.

   Gecədə xalq artistləri Samir Cəfərov (tenor), Sevinc İbrahimovaŞahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Tamira Əliyeva (piano), Elmir Pişnamazzadə (tenor), Seymur Sadıxov (balaban) və ifaçılar Samir Məmmədov, Əli Məmmədov, Rüstəm Cəfərov, Samir Piriyev səhnəyə çıxıblar.

   Böyük tamaşaçı alqışı qazanan hər bir ifa musiqisevərlərdə, eləcə də yerlixarici qonaqlarda xoş ovqat yaradıb. “Zəriflik” Beynəlxalq musiqi festivalı təkcə Gəncənin deyil, ümumilikdə ölkəmizin mədəni həyatına yeni sənət bayramı kimi daxil olub.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.7.