Lənkəran teatrında Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir

 

 

   Lənkəran Dövlət Dram Teatrında Lənkəran Dövlət Universiteti (LDU) ilə birlikdə görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə tədbir keçirilib.

   Universitetin prorektoru, dosent Kamran Kazımov çıxış edərək Hüseyn Cavidin həyat və yaradıcılığından söz açıb. LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Mirhüseyn Abbas mütəfəkkir ədibin keşməkeşli ömür və yaradıcılıq yolu, zəngin ədəbi irsi barədə geniş məruzə ilə çıxış edib.

   Rəsmi hissədən sonra Lənkəran teatrı aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şair-dramaturqun əsərlərindən parçaları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Şəbnəm Hüseynova, Səyad Əliyev, Günel Abbaszadə və digərləri ifa ediblər.

   Yubiley tədbirinə teatrın rejissoru, Əməkdar artisti Adil Zeynalov quruluş verib.

 

Mədəniyyət.- 2018.- 2 may.- S.10.