“Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“

 

   Daşkənddə özbək və rus dillərində çap olunmuş kitabın təqdimatı

  

   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi üzrə hazırlanaraq nəşr edilmiş “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı kitab ictimaiyyətə təqdim edilib. Kitabın tərtibçisi AMM-in direktoru Samir Abbasov, ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, Basqal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyovadır.

   Mədəniyyət mərkəzinin foyesində qurulan sərgidə milli kəlağayılarımız, ipəkdən hazırlanan Azərbaycan milli geyimləri nümayiş etdirilib.

   Özbək və rus dillərində hazırlanan kitabın təqdimatında çıxış edən AMM-in direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olan qədim kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin yer aldığı kitab haqqında danışıb. Azərbaycanın kəlağayı sənətinin 2014-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi diqqətə çatdırılıb.

   AMM-in nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

   Sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxış edərək layihəni yüksək qiymətləndirib, kitabda kəlağayı sənəti, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası barədə müfəssəl məlumat verildiyini deyib.

   Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva, Dövlət Tarix Muzeyinin direktor müavini Muxlisa Abduraxmanova çıxışlarında qeyd ediblər ki, Böyük İpək Yolu üzərində, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın ipəkçilik sahəsində böyük ənənələri var.

   Kitabın tərcüməçiləri İsroil ŞamsimuxamedovŞaxla Qasımova nəşrin Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği baxımdan, eləcə də bu mövzuda tədqiqat aparan mütəxəssislər üçün zəngin informasiya mənbəyi olduğunu söyləyiblər.

   Sonda kəlağayı haqqında sənədli film nümayiş etdirilib.

Mədəniyyət.- 2018.- 2 may.- S.9.