Məşhur balet artisti Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

 

 

   Klassik xoreoqrafiya məktəbinin parlaq nümayəndəsi, beynəlxalq “Olimprəqs” festivalının prodüseri, Berlin Dövlət Teatrının pedaqoqu, balet artisti Aleksey Besmertnı Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.

   Akademiyanın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova qonağa təhsil kompleksinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycanla Almaniya arasında mədəni əlaqələrin xoreoqrafiya sahəsində də inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

   Səmimi qəbul və verilən məlumatlar üçün təşəkkürünü bildirən Aleksey Besmertnı Bakı Xoreoqrafiya Akademiyasında olmaqdan məmnunluğunu ifadə edib. O, Almaniya ilə Azərbaycan arasında bədii təhsil sahəsində əlaqələrin genişlənməsinə səy göstərəcəyini deyib.

   Qonaq klassik rəqs, klassik duet rəqsi və Azərbaycan milli rəqsi dərslərində iştirak edib, təhsil kompleksinin kollec tələbələrinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” buraxılış tamaşasının məşqini izləyib.

   Məlumat üçün bildirək ki, Aleksey Besmertnı Berlin Dövlət Teatrı ilə yanaşı, Praqa Dövlət Operasında, Belqrad Milli Teatrında və Tokionun Siti-balet Teatrında balet sənətindən dərs deyir, bir çox ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub.

   Mədəniyyət.- 2018.- 2 may.- S.11.